Şəhidlərin ruhunu incidəcək hər söz, hər əməl böyük günahdır - Bahəddin Həzi
27.01.2021

Şəhidlərimizin boynumuzda haqqı böyükdür. Ona görə onların ruhunu incidəcək hər söz, hər əməl böyük günahdır. Qaradağda baş verənlərə çox üzüldüm. Bu vəziyyətin yaranmasında təqsiri olan məmur, icra başçısı, ya hər kimsə cəzalanmadı. Bəli, eskizlər də var; o yerdə Şəhidlər Xiyabanı qurulacağı, hər bir şəhid qəbrinin abad ediləcəyi deyilir. Ancaq bunu şəhid analarına, ailələrinə normal bir şəkildə demək, izah etmək olardı. Qaradağın İcra başçısı Süleyman Mikayılovu keçdik; bilirik, başı daş karxanalarını qamarlamağa və pul yığmağa qarışıb. Bəs Eldar Əzizovun, o birilərin başı nəyə qarışıb?! Şəhid qəbirlərinin sındırılması çox ağır hadisə oldu. Sosial şəbəkələrdə ermənilər toy-bayram edir. Buna da özümüz səbəb oluruq. Olmaz!

Polisdən qabaq o məzarlığa mülki vəzifəli şəxslər gedib məsələni araşdırıb insanları sakitləşdirə bilərdi. Niyə hər yerə polis getməlidir?! Niyə dövlət bizimlə yalnız polis vasitəsilə ünsiyyət qursun ki?! Bəs bu qədər dövlət qurumu, dövlət məmuru nə üçündür?! Gedən olubsa da, yetərli olmayıb demək. Elə insanları, nüfuzlu şəxsləri göndərmək lazımdır ki, camaat onları eşitsin.

Sakitləşsin. Tanınmış, hörmətli ziyalılarımız belə hadisələrdə ortaya çıxıb sözünü deməli, aranı qızışdırmağa deyil, problemin həllinə çalışmalıdır. Əgər varsa, elə adamlar camaatın qarşısına çıxmalıdır ki, dövlət də onu eşidir, camaat da.

Bilirsiniz, belə hadisələr bizim birliyimizi və gücümüzü sarsıdır, buna yol vermək olmaz. Şəhidlərlə, qazilərlə, əsgərlə bağlı məsələlər çox həssasdır. Hamımız həssas yanaşmalıyıq. Dost var, düşmən var. Ən başlıcası da, şəhid, qazi haqqı var. Onu itirmək olmaz. Yəqin ki, biz bu hadisədən dərs almışıq və şəhid analarını ovunduracaq, şəhidlərin ruhuna layiq işlər orda tezliklə görüləcək.

Buna çox ümid edirik.

Visiontv.az