Şəhid Şahinin vəsiyyəti yerinə yetirildi - FOTOLENT
01.01.2021

Qubada şəhid Şahin Allahyarovun Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn övladı evə buraxılıb.

Visiontv.az "report"a istinadən xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şəhid olmuş Şahin Allahyarovun bir neçə gün əvvəl oğlan övladı dünyaya gəlib.

Bu gün Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində keçirilən körpənin evə yola salınması mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edərək şəhidin ailəsi ilə görüşüb, təssəlli verib.

Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun yeni doğulan övladı dekabrın 31-də Qusar Rayon Mərkəzi Xəstəxanadan evə buraxılıb. Ailəsi Şahinin vəsiyyətinə uyğun olaraq körpəyə qəhrəman döyüşçünün öz adını verib. Bu, Şahin Allahyarovun ikinci övladıdır, qızı Oksananın iki yaşı var.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. O, noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Şəhid Quba rayonunda dəfn olunub.

Şahin Allahyarov Vətən Müharibəsində igidlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adına (ölümündən sonra) layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ölümündən sonra dünyaya gələn övladı doğum evindən evə buraxılıb - FOTO