Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı
17.02.2021

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 60-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir.

Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin  verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünüməşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.