Seçilsə ABŞ tarixinin ilk qadın vitse-prezidenti olacaq
12.08.2020

Prezidentliyə Demokrat namizəd Co Bayden Kaliforniya senatoru Kamala Harrisi ABŞ-ın vitse-prezidentliyinə namizəd seçib. Baku.tv-nin məlumatına görə, bununla da Harris vitse-prezidentliyə namizəd olan ilk qaradərili qadın olub.

Visiontv.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, irqçilik mübahisələrinin gündəmdə olduğu ölkədə ABŞ tarixində ilk dəfə vitse-prezidentliyə namizəd kimi qaradərili bir qadın namizədliyinin irəli sürülməsi müsbət qarşılanıb. Bayden 3 Noyabrdakı prezident seçkilərində qalib gələrsə, Harris tarixdəki ilk qaradərili qadın vitse-prezident kimi tarixə keçəcək və bəlkə də yeni bir tarix yazacaq.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müavini vəzifəsini icra etdikdən sonra bu il prezidentlik uğrunda yarışan Bayden, sosial media hesabında qərarını açıqlayıb:

"Zəif insanların qorxmaz döyüşçüsü və ölkənin ən yaxşı dövlət məmurlarından birini köməkçim olaraq seçdiyimi elan etməkdən qürur duyuram".

Baydenin postu 200 mindən çox rəy ve 750 mindən çox bəyənmə alıb. Şərhlərdə Demokratik Partiya seçiciləri seçimdən məmnun olduqlarını yazıblar.

55 yaşlı vəkil Kamala Harris 2017-ci ildə Kaliforniya ştatından senator seçilib. Demokrat Partiyasının qabaqcıl adları arasında olmağı bacaran Harris, 2020 seçkilərinə namizədliyini təqdim edib, ancaq vəsait çatışmazlığı səbəbindən namizədliyindən imtina etmək məcburiyyətində qalıb.

Kaliforniyada Yamayka və Hindistandan gələn mühacir valideynlərin ailəsində dünyaya göz açan Kamala Harris, vətəndaş hüquqlarına olan həssaslığı və qanunlara ciddi tabeliliyi ilə xalq arasında tanınır.