Şamaxıda qadınların işgüzar inkişafı təlimləri başa çatıb
05.03.2021

Şamaxıda və ətraf kəndlərdə yaşayan qadınlar üçün “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM-W” layihəsinin onlayn təlimləri başa çatıb. Təlimlərin onlayn formatda bağlanış mərasimi keçirilib. 

Qadınların işgüzar inkişaf platforması olan “AIM–W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə, onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2021-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir. Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Şamaxı təlimlərində 135 qadın iştirak edərək öz sahibkarlıq ideylarını irəli sürüb, öyrəndiklərinin əsasında təlimçilərin dəstəyi ilə biznes planlarını hazırlayıb. Layihə çərçivəsində təqdim olunan 20 ideyadan təlimin mövzusuna uyğun turizm sahəsində olanlar seçilib və biznes layihə halında hazırlanıb.