Sabaha gözlənilən hava proqnozu açıqlanıb
17.10.2019

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.