Rusiya-Ukrayna müharibəsi fonunda, Avropanın enerji təhlükəsizliyinin təminatında, Azərbaycan son dərəcə əhəmiyyətli rol oynayır
Rusiya-Ukrayna müharibəsi fonunda, Avropanın enerji təhlükəsizliyinin təminatında, Azərbaycan son dərəcə əhəmiyyətli rol oynayır
03.10.2022 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri və orada AB-nə üzv ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər ölkəmizin Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını bir daha gündəmə gətirdi. Millət vəkili Nəsib Məhəmməliyev Prezidentin səfəri barədə Visiontv.az saytına açıqlamasında bildirdi ki, Bolqarıstan Avropa İttifaqının üzvü , Azərbaycanın strateji tərəfdaşı və dost ölkədir:

"Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar sahələrdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevin Bolqarıstana növbəti rəsmi səfəri, ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə təsadüf edir. Otuz il ərzində Azərbaycan Avropa İttifaqı, ümumiyyətlə, əməkdaşlıq etdiyi bütün ölkələr üçün etibarlı və sınanmış tərəfdaş kimi qəbul edilmişdir. Təsadüfi deyil ki, Avropa İttifaqına daxil olan doqquz ölkə ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında müqavilə imzalanıb. Gələcəkdə Avropa İttifaqı ilə əməkdaşlıq daha geniş vüsət alacaqdır. Ələlxüsus, Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında, Azərbaycan son dərəcə əhəmiyyətli rol oynayır. Açılışı nəzərdə tutulan Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, Avropaya nəql olunan qazın həcminin artırılmasına imkan verəcəkdir. 
    Cənab Prezidentin Bolqarıstana səfəri hər iki ölkə üçün yeni imkanlar açır. Bolqar iş adamlarının ölkəmizə dəvət olunması, Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə olunması, SOCAR -ın Bolqarıstan nümayəndəliyinin təsis olunması, iqtisadi münasibətləri daha üst səviyyəyə qaldıracaqdır. 
   Bolqarıstan prezidenti Radev və baş nazir məxsusi olaraq, tarixi-mədəni abidələrin bərpasında, “Heydər Əliyev” fondunun iştirakını məmnunluqla vurğulayıblar. 
    Təbii ki, hər şeyin kökündə səmimi münasibətlər durur. Ölkələrimiz arasında belə səmimi, etibarlı münasibətlərin formalaşmasında isə, “Heydər Əliyev” fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır və Azərbaycana iqtisadi-siyasi dividentlər gətirməkdədir. 
    Regionlar arası əməkdaşlıq çərçivəsində, mədəniyyət paytaxtımız Şuşa ilə, Tırnovo şəhərlərinin qardaşlaşması haqqında memorandumun imzalanması, gələcəkdə turizm sektorunun inkişafını sürətləndirəcəkdir və hər iki şəhərin daha geniş coğrafiyada tanınmasına imkan yaradacaqdır. 
    Ümumiyyətlə, cənab Prezident xarici siyasətdə çoxvektorlu, bərabər hüquqlu, qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya üstünlük verir. Ona görə də, beynəlxalq aləmdə, öz imzasına hörmət edən,  etibarlı lider kimi tanınır. 
   Dövlət başçılarının qarşılıqlı səfərləri, xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır və beynəlxalq müstəvidə dostlarımızın sayını artırır.”

Bünyamin Bünyadzadə

Visiontv.az