Rusiya özünü ayrıldığı sevgilisini öldürən qısqanc adam kimi aparır
Rusiya özünü ayrıldığı sevgilisini öldürən qısqanc adam kimi aparır
25.02.2022 Kənan Rövşənoğlu Tərəfindən

Etiraf edim ki, son günə qədər Rusiyanın Ukraynaya geniş miqyaslı hücum əməliyyatı həyata keçirəcəyini gözləmirdim.

Baxmayaraq ki, hələ bir ay əvvəl xarici mənbələrdən Rusiya ordusunun Ukraynanın böyük hissəsini Kiyev və Qara dəniz sahili də daxil olmaqla işğal planı hazırladığı və bunu məşq etdiyi barədə xəbərlər almışdım. Ciddi məlumatlı mənbələr idi, amma düşünürdüm ki, Putin ən sonuncu varianta əl atmaz. Xüsusən də keçən həftə Lavrov və Şoyqunu çağırıb uzun masada "hələ danışıq üçün imkan qalırmı" deyə soruşanda düşünürdüm ki, ən pis variantdansa nisbətən yaxşı variant seçilər, danışqılar masasına oturarlar.

Amma olmadı, Putin ən kəskin addımı atdı. Bunu da etiraf etmək lazımdır ki, Qərb ölkələri və Ukrayna rəhbərliyi də bu hücumun olması üçün "əllərindən gələni" etdilər. Xüsusən də Qərb- NATO.

Zelenskini anlamaq olar. O hakimiyyətə gələndə Krım, Donetsk və Luqansk itirilmişdi. Və prezident kimi Zelenskinin ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, ən azı təhlükəsizlik təminatı almaq üçün Rusiya qarşısında əlindəki yeganə kart NATO üzvlüyü mövzusu idi. Düşünürdü ki, Rusiyanı NATO üzvlüyü ilə şantaj edib güzəştə vadar edə bilər.

Amma NATO rəhbərliyi, Qərb ölkələri liderləri bir halda ki, Ukraynanı üzv qəbul etməyəcək, onu Rusiya qarşısında köməksiz qoyacaqdılar, o zaman bu həddə çatmamış danışqılar masasıan otura bilər, Putinin istədiyi təminatı verə bilərdilər. Bir halda ki, Ukraynanı üzv etməyəckdilər, ən azı yaxın illər üçün bu təminatı vermək olardı. Bu halda Ukraynanı daha böyük fəlakətdən xilas etmək mümkün olardı.

Amma belə görünür ki, bütün tərəflər ən pis, qorxulu ssenarini seçdilər. Bu müharibədə uduzan, zərər görən Ukrayna, Rusiya, Türkiyə və sıra ilə region, xüsusən də post-sovet respublikaları olacaq.

Kənan Rövşənoğlu

Visiontv.az