Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi, admiral Kostyukov Bakıya niyə gəlmişdi?
26.11.2020

Noyabrın 21-də RF müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi RF Müdafiə Nazirliyi hərbi nümayəndə heyəti Bakıya gəlib. Prezident İlham Əliyevlə görüş zamanı Qarabağda vəziyyət və 9 noyabr tarixli üçtərəfli sazişin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Bir gün öncə Yerevanda olmuş heyətdən açıq-aydın fərqlənən Rusiya nümayəndə heyətinin tərkibinə az adam diqqət yetirib.
İlk növbədə Şoyqu ilə birlikdə Bakıya Rusiya Baş Qərargah Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi, admiral Kostyukov da gəlib.

Onun yanında Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da olub. O da Yerevanda olmayıb. Bakıda hərbi ekspertlər dünyanın ən qapalı kəşfiyyat qurumlarından birinin rəhbərinin Bakıya gəlişinin məqsədini açıqlamaqda çətinlik çəkiblər. Amma faktın özü Moskvada buna nə qədər əhəmiyyət verildiyini göstərir.

Rusiya nümayəndə heyəti ilə görüşdə Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərləri, generallar Sultanov və Nağıyev iştirak ediblər.

Qonaqları salamlayan İlham Əliyev deyib ki, qarşıda hər iki tərəfin iştirakı ilə geniş məsələlərin müzakirəsi var. Görüşə dair videodan da görmək olar ki, Sultanov və Nağıyevin qarşısında qovluqlar və sənədlər durur.

Azərbaycan hərbi kəşfiyyatının keçmiş yüksək vəzifəli zabiti Turan agentliyinə mümkün söhbətin mövzusunu şərh edərkən deyib ki, bu, mövcud təhlükələrin neytrallaşdırılmasında xüsusi xidmət orqanlarının birgə fəaliyyəti məsələləri ola bilər. Əsasən İlham Əliyev qeyd edib ki, Azərbaycan bir çox ölkələrdən xarici vətəndaşların hərbi əməliyyatlarda iştirakı barədə məlumatlara malikdir. Bundan öncə Əliyev demişdi ki, xarici yaraqlılar arasında Yaxın Şərq ölkələrindən çoxlu sayda vətəndaş var və onların pasportları ictimaiyyətə təqdim olunacaq. Bunlar erməni əsilli şəxslərdir. Bəzi məlumatlara görə, onların arasında Rusiya vətəndaşları da az deyil.

İstisna deyil ki, söhbət həm də Rusiya sülhməramlılarının himayəsi altında dinc erməni əhalinin arasında gizlənməyə cəhd edən erməni hərbçilərdən gedib.

Rusiya və Azərbaycan hərbçilərinin və xüsusi xidmət orqanlarının bu və digər aspektlər üzrə əməkdaşlığına həm də münaqişə zonasında Türkiyə və Rusiya hərbçilərinin birgə fəaliyyəti daxildir. Bu kimi məsələlər yüksək səviyyədə müzakirə və razılaşmalar tələb edir. Belə ki, Ərdoğan və Putinin Qarabağla bağlı bir sıra görüşləri də Türkiyə və Rusiya xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilib.

Visiontv.az