14.08.2020
Axtar
Ölkə
alt

Ramiz Mehdiyev siz kimsiniz?-Xeyrəddin Qoca

"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"

Ramiz Mehdiyev, sizi "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru olandan sonra tanımışam. Yəni 1993-cü ildən tanıyıram. Amma adınızı hər yerdən eşidirdim. Hətta taksi sürücüləri də sizin adınızı çəkib, narazılıqlarını bildiridilər. Öz-özümə fikirləşirdim ki, niyə sizi hamı müzakirə edir?
Sonralar hər cümə günü iqtidar qəzetlərinin baş redaktorlarını Prezident Sarayına çağırıb guya bizə istiqamət verirdiniz.

Ona görə "guya" deyirəm ki, bizi 20-30 il əvvəl cəmiyyət tanıyırdı və biz hər birimiz mətbuatda minlərlə məqalənin, onlarca kitabın, bəzilərimiz səhnə əsərləriin müəllifləri idik. Ona görə də sizə qulaq asdıqca, ürəyimizdə gülürdük. Çünki sizin lazımsız göstərişləriniz, "fikirləriniz" bizdə ikrah hissi yaradırdı!

Öz-özümüzə fikirləşirdik: "Görün, kim bizə yol göstərir?"

Bir dəfə Prezidentin köməkçisi hörmətli Dilarə xanımı da dəvət etdiniz ki, o da fikirlərini söyləsin. Dilarə xanım "Kaspi" qəzetinin 1922-ci il tarixli sayından bir nüsxə masanın üstünə qoyub, dedi ki, "baxın, qəzet belə olmalıdır! Xəbərlər, lazımi materiallar, ictimai düşüncələr... hamısı yerindədir." Mən dilləndim ki, "Kaspi"də Heydər Əliyevin məruzələri, çıxışları dərc edilirdi?" Dilarə xanım "siz nə danışırsınız? - dedi - o zaman Heydər Əliyev heç anadan olmamışdı!" Mən izah etdim ki, "indi bütün qəzetlərin səhifələrində cənab Prezidentin məruzələrini görürük, xəbərlərə, başqa yazılara yer qalmır..."

Və Ramiz Mehdiyev, sizin nə deyəcəyinizi gözlədim. Siz dilləndiniz: "Bu mənlik deyil"! Yəni bunu Heydər Əliyev belə istəyir...
Səhəri gün Heydər Əliyevlə görüşüb ölkədə təbliğatın vəziyyəti haqqında söhbət edərkən, həmin əhvalatı danışdım. Heydər Əliyev dedi ki, "mənim məruzələrimi, çıxışlarımı yalnız Az.TV, "Azərbaycan" qəzeti, "Xalq qəzeti və Azər.TAC verə bilər. Bütün qəzetlərin çap etməsinə ehtiyac yoxdur..." Pamiz Mehdiyev, siz özünüzü "ağıllı" hesab edib, yaxanızı kənara çəkmək istədiniz...
1998-ci ildə İstanbulda baş konsul vəzifəsinə təyinat alanda Ptezident Heydər Əliyevlə xeyli söhbət etdik. Ondan bir xahiş etdim, soruşdum ki, "cənab

Prezident, adamın neçə rəisi olar?" Özüm öz sualıma cavab verdim: "Yəqin ki, bir rəisi olar. Mənim Prezidentim də, rəisim də sizsiniz! Xahiş edirəm, bu aparatdakılara tapşırın ki, gündə biri zəng edib, mənə göstriş verməsin!" Xüsusilə, Ramiz Mehdiyev, sizi nəzərdə tuturdum! Çünki heç vaxt sizə simpatiyam olmayıb!

R.Behbudov adına Mahnı Teatrında 50 illik, Azərbaycan Yazıçılar birliyində 60 illik, Beynəlxalq Muğam Mərkəzində 65 illik yubileylərim keçirildi. Haqqımda bütün qəzetlər yazdı, televiziyalar verilişlər hazırladı. 60 illiyimdə Mədəniyyət Nazirliyindən sizə təltif olunmağım üçün təqdimat yazıldı. Siz həmin təqdimatı cənab Prezidentdən gizlətdiniz!

Mən Baş konsul vəzifəsində işləyəndə 3 dəfə konsulluğa yoxlama göndərilməsini tapşırdınız. Məəttəl qalmışdım, fikirləşirdim ki, konsulluq sexdir, anbardır, nədir ki, ora belə yoxlamalar göndərirsiniz? Bezdim! Prezidentə müraciətlər etdim, ki, məni Baş konsul vəzifəsindən azad etsin! H.Əliyev dedi ki, "oğul, otur, işlə! Mən səni tanıyıram, bəsdir! Ona-buna fikir vermə!" Nəhayət heç bir iradsız, səhvsiz 5 il 4 ay baş konsul işləyib, müddət başa çatdığından, geri çağrıldım.

Gizlətmirəm, hər hansı bir ölkədə Azərbaycanın səfiri olmaq istəyirdim, maneçilik törətdiniz!

Mənim kimi adam 18 ildir işsiz qalmışam! "Mənim kimi adam" deyəndə qeyri -təvözakarlıq etmirəm. Mən o adamam ki, Ümummili Lider Heydər Əliyev Kremldən uzaqlaşdırılandan sonra, Azərbaycanda heç bir qələm sahibi onun adını belə çəkə bilməyəndə, onun haqqında müdafiə xarakterli böyük-böyük məqalələr yazırdım və hər məqalədən sonra işdən azad olunurdum! Sonra "91-lər"dən biri oldum. YAP-ın yaradılmasında iştirak etdim. Partiya yaranandan bəri Siyasi Şuranın üzvüyəm. Ölkədə məni yazıçı kimi tanıyırlar. Odenlərlə təltif edilmişəm. Ptezidentin fərdi təqaüdünü alıram... Bir araşdırma aparın, görün, ölkədə sizin hörmətiniz çoxdur, yoxsa mənim? 82 yaşınız var, hələ də işləyirsiniz! Hələ ürəyinizdən ölkə prezidenti olmaq keçir! Ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb! Onlar isə həmişə sizə dözüblər! Heydər Əliyev ordeninə kimi təltif ediblər! Daha nə istəyirsiniz?

RAMİZ MEHDİYEV SİZ KİMSİNİZ?
Ramiz Mehdiyev, siz uzun müddətdir ki, öz yaltaqlarınız vasitəsilə belə bir fikir yürütmək istəyirsiniz ki, guya dövlət quruculuğunda böyük xidmətləriniz var, hətta siz olmasaydınız, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələ bilməzdi.
Mən isə tam əksinə və qətiyyətlə deyirəm, Ramiz Mehdiyev, siz bir məmur kimi mövcüdluğunuz üçün Heydər Əliyevə və İlham Əliyevə dönə - dönə borclusunuz!

Bu gün Elmlər Akademiyasının prezidenti vəzifəsini məşğul edirsinizsə, yenə cənab Prezidentə minnətdar olmalısınız!

Həm də təkcə özünüz yox, ailəniz, uşaqlarınız, nəvələriniz, nəticələriniz, kötükcələriniz!..

Əgər, cənab Prezidentin əli və nəzəri bircə dəqiqəliyə sizin üzərinizdən götürülsə , o, Akademiyada bir saniyə belə dürüş gətirə bilməzsiniz!
Akademiya ictimaiyyəti sizi oradan Nəsibə Zeynalova demişkən dəf- dumbulla, fitlə yola salarlar…

Ramiz Mehdiyev, sizin “elmi” iddialrınız bitib tükənməzdir.

Hələ işə baxın.

Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasınnın rəhbərliyinə göstəriş vermisiniz ki, mənim elmi əsərlərimdən, kitablarımdan sitat gətirməyən heç bir alimin əsəri Akademiyanın elmi nəşrində dərc edilə bilməz!

Bu gün də İdarəçilik Akademiyasının müəllimləri, xüsisilə, gənc alimlər qan ağlayırlar ki, biz axı, bu adamın hansı elmindən sitat gətirək, bizim məqalələrimizin çapı üçün yaşıl işiq yandırılsın?Siz həmişə həmişə Heydər Əliyevə, ilham Əliyevə sadq adamlara özünüzünn şəxsı və ideoloji düşməni kimi yanaşmmısınız.

Onları şərləyib, çərlədib, xəstələndirmisiniz!

Cünki o adamlar sizin kaprizlərinə xidmət etməyiblər, sizi “dahi filisof”, "görkəmli” ictimai - siyasi xadim hesab etməyiblər.

Ramiz Mehdiyev, siz indiyə kimi heç bir Təhsil Naziri ilə yola getməmisiniz, bilirsiniz niyə? Dərsliklərə düşmək istəyirsiniz, hesab edirsiniz ki, tədris olunmalısınız, məktəblilər sizin “elmi- fəlsəfi- siyasi” fəaliyyətinizi öyrənməlidilər!

Vallah, bizi Allah saxlayıb!

Adam söz tapa bilmir desin ki, siz axı, kimsiniz? Əslində, siz Adminstrasiyanın səlahiyyətləri və imkanları arxasında gizlənən və yalnız ətrafındakı əlaltılarınızın gözündə “böyük” görünən “cənab heç kimsəniz!"

Məni bir məsələ daim narahat edir.

Necə ola bilir ki, sizi “dərin dövlət adamı” adlandıran, "14- cü Lüdoviklə müqayisə edən, “dövlətin onurğa sütunu” sayan, "dövlətin xarici və daxili siyasətini yönləndirən böyük “ideoloq” olduğunu təbliğ edən deputatlar, təbliğatçılar hələ də öz işlərinin başındadılar, ekranlardan gözümüzü yağır elməkdə davam edirlər.

Belələri indi sizi təbliğ etdikləri “səmimiytlə” və pafosla Azərbaycan Prezidenti haqqında təriflər, mədhiyyələr söyləyirlər.
İnsanın neçə sifəti olar?

Hörmətli oxucular, fikirləşə bilərlər ki, indiyədək R. Mehdiyev haqqında niyə yazmırdım? Doğrusunu deyəcəyəm: Azərbaycan Prezidentləri Heydər Əliyevdən və İlham Əliyevdən keçə bilmirdim. Çünki Ramiz Mehdiyev onlarla bir aparatda işləyirdi... Necə deyərlər, "adama hörmət edərlər, sahibinə görə..."

Yazmaya da bilmədim, çünki o, hər iki prezidenti sevən insanları, o cümlədən, məni həmişə sındırmağa çalışıb...

Xeyrəddin Qoca,

Publisist-jurnalist, İstanbuldakı sabiq baş konsulumuz

Visiontv.az

Şərh