Qiymətli audio-vizual materiallar ya qəsdən, ya da məsuliyyətsizlik ucbatından məhv olub-rejissor Füzuli Sabiroğlu
10.07.2020

Rusiyada Dövlət Radio və Televiziya Fondu adlanan bir təşkilat var.

1995-ci ilə qədər dövlət televiziyasında istehsal olunmuş bütün audio və video materiallar bu fondda saxlanılır və qorunur. Bu gün Rusiyada fəaliyyət göstərən bütün kanallar bərabər hüquqlarla bu materiallardan istifadə etmək hüququna malikdirlər.

Bizdə də belə bir qurumun olması fikrimcə məqsədəuyğun olardı. Çox təəssüf ki, Azərbaycan televiziyasının və radiosunun arxivi hər təzə gələn rəhbərin göstərişi ilə ciddi təmizləmələrə məruz qalıb. İllərlə Azərbaycan televiziyası və radiosunun qızıl fonduna daxil olan qiymətli audio-vizual materiallar ya qəsdən, ya da məsuliyyətsizlik ucbatından məhv olub. Azərbaycan tarixinin, mədəniyyətinin bir parçası olan nə qədər qiymətli filmlər, verilişlər, süjetlər var ki, biz onlar haqqında yalnız xatirələr danışırıq indi.

1991-ci ilə qədər (və ya 1995-ci ilə qədər) istehsal olunmuş televiziya və radio verilişlərindən, filmlərdən ibarət belə bir Fondun Milli Arxiv Idarəsinin və ya MTRŞ-nın tabeçiliyində yaradılması həm də özəl telekanallarda tariximiz, mədəniyyətimizlə bağlı proqramlar hazırlamasına böyük dəstək olardı.

Visiontv.az