Qısır İran diplomatiyası
Qısır İran diplomatiyası
28.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Sən demə "İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı" imiş...

Hər halda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan belə deyir.

O, mətbuat konfransında deyib ki, Azərbaycan İranın qonşusudur. İranın baş diplomatı Hüseyn Əmir Abdullahiyan bunu da lap təzəlikcə kəşf edib.

Ay zalımın oğlu, Azərbaycan səndən və sənin "boss"un İbrahim Rəisidən əvvəl də İranın qonşusuydu da.

Sizdən əvvəlki İran prezidentləri və onların nazirləri, onlara bağlı olan deputatlar, ayətullahlar, generalların heç biri Azərbaycanın üzərinə bu şəkildə gəlməmiş və bu qədər hərzə-hədyan danışmamışdılar.
Ancaq siz isə bütün qırmızı cizgiləri keçdiniz. Siz Azərbaycanın üzərinə həm siyasi hədələrlə, həm diplomatik hücumlarla, həm də
top-tüfənglə gəldiniz.

Sərhədlərimizə qoşun yığdınız. Zəngəzuru götürmək istədiniz. Bir sözlə, min hoqqadan çıxdınız...

Lakin alınmadı.

Nə baş verdisə, birdən-birə xəbər tutdunuz ki, sən demə, Azərbaycan İranın qonşusu imiş...
Və onu da başa düşdünüz ki, bu qonşunuz "şirin quyruğu ilə oynamağı" və lazım gəlsə "şir"i qəfəsinə geri qaytarmağı bacaran bir
qonşudur.

Odur ki, necə hay-küylə üzərimizə gəlmişdinizsə, elə o dərəcədə səssizliklə, asta-asta, usta-usta öz qəfəsinizə, qınınıza geri qayıtdınız.Və indi siz cənab Abdullahiyan deyirsiniz ki, "İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır. Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu.

Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.

Ağaye Abdullahiyan, lütfən, qonşu ölkələrlə (xüsusən də Azərbaycanla) münasibətləri pisləşdirməyin ki, sonra da peşman-peşman o münasibətləri yaxşılaşdırmaq istiqamətində də tər tökmək məcburiyyətində qalmayasınız.

P.S.

Əgər siz bu regionun ən sülhpərvər ölkəsi sayılan Azərbaycan kimi üzüyola bir ölkə ilə də düz-əməlli yola gedə bilmirsinizsə, inciməyin, demək ki, bu sizin diplomatiyanızın qeyri-peşəkarlığından və zəifliyindən xəbər verir.
Qürrələndiyiniz, Əhəmənilərə və Sasanilərə bağladığınız qosqoca İranın siyasəti və diplomatiyası indiki qədər qısır olmamışdı.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az