Qərb mətbuatı PKK haqqında “terrorçu” ifadəsi işlətməkdən yayınırlar - Elbəyi Həsənli
Qərb mətbuatı PKK haqqında “terrorçu” ifadəsi işlətməkdən yayınırlar - Elbəyi Həsənli
15.02.2021 Elbəyi Həsənli Tərəfindən

Kürdüstan Fəhlə Partiyası (PKK) Avropa Birliyi və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınıb. Bunu baxmayaraq, Qərbin informasiya vasitələri onlar haqqında “terrorçu” ifadəsi işlətməkdən yayınırlar, daha çox ” "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrinə üstünlük verirlər.

Niyə belədir? Çünki həm Avropa Birliyi, həm də ABŞ PKK-dan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Türkiyəyə qarşı PKK-dan yararlananlar sırasında Rusiya və İran da var. Bir çox ərəb ölkələri də eyni məqsədlə PKK-ya dəstək verirlər. Özü də bu dəstək təkcə PKK ilə məhdudlaşımır. Qərb öz işinə yarıyan terrorçu qruplardan həmişə istifadə edib. Hətta lazım bildikdə terror təşkilatları yaradıb. Məsələn, ABŞ SSRİ-ni dağıtmaq məqsədi ilə “Əl-Qaidə” və “Taliban” kimi terror şəbəkəsi qurdu. Düzdür, sonrakı mərhələdə bu təşkilatlar Amerikanın nəzarətindən çıxdı. Ancaq SSRİ-nin dağıtmaqda Amerikaya yetərincə kömək etdilər.

Dünən Türkiyə ordusunun ələ keçirdiyi PKK terrorçularının sığındığı mağaradan 13 Türkiyə vətəndaşının meyitinin aşkar edilib. Ancaq nə Qərbdən, nə də Rusiyadan səs çıxmır. Çıxmayacaq da. Çünki onlar PKK-nı özlərinə müttəfiq bilirlər.
Onu da qeyd edək ki, 1984-cü ildən indiyə kimi PKK keçirdiyi terror aktları nəticəsində 50 minə yaxın insan qətlə yetirib. Onların böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır.

O da faktdır ki, son illərdə güclənən Türkiyə dövləti PKK-ya sarsıdıcı zərbələr endirib. Artıq PKK-a təhlükəsi ciddi şəkildə iflasa uğrayıb. Qərb, xüsusən ABŞ bu təşkilatı yenidən canlandırmaq və Türkiyəyə qarşı istifadə etmək üçün min oyundan çıxır. Suriyada baş verən proseslər zamanı biz Amerikanın PKK-ya nə qədər silah ötürdüyün açıq şəkildə gördük. O da sirr deyil ki, PKK terrorçularına amerikalı hərbçilər dərs keçirlər. ABŞ-ın PKK-ya informasiya dəstəyi verməsi də təzə söhbət deyil.

Amerikadan çox demokratiyadan danışan yoxdur. Demokratlar da, respublikaçılar da ağzı köpüklənə-köpüklənə gecə-gündüz demokratiyadan dəm vururlar. Terroru lənətləyirlər. Ancaq öz çıxarları naminə heç gözlərini də qırpmadan terrorçulardan yararlanırlar. Yaşadığımız dünyada real situasiya belədir...

Visiontv.az