Qaz müharibəsi...
22.05.2022

Rusiyanın "Qazprom" şirkəti dünəndən etibarən Finlandiyaya qaz verilişini dayandırıb. Rusiyanın bu addımı tamamilə qeyri-humanist, insanlıqdan kənar bir hərəkətdir.

Kreml öz aləmində guya bu addımıyla NATO-ya üzv olmağa qərar vermiş Finlandiyanı cəzalandırır. Kremlin bu üsulu hamımıza tanış olan köhnə üsullardan biridir. Bu ölkə öz ticarət partnyorlarını - həm qonşu ölkələri, həm də Türkiyə və Avropanı zaman-zaman gah pomidor, gah ərik, gah taxıl, gah da turist embarqoları ilə cəzalandırmağa çalışıb.

Ancaq orta əsrlər dövrünə xas olan bu barbar təfəkkür bu gün Rusiyanın dünya ilə sivil münasibətlər qurmasına ciddən mane olur. Kremlin bu siyasətindən itirən tərəf də sonda elə Rusiyanın özü olur.

Bu addımıyla finladları qazdan məhrum edəcəyini düşünən Putin yanılır. "Qazprom"un Finlandiyaya gedən qazı kəsməsi bu gün sıravi finlandların gündəlik rutin həyatına zərrə qədər də mənfi təsir göstərməyib.

Çünki hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur və ölkədə qaz təminatı sistemi əvvəlki tempi ilə stabil işləyir. Əhali arasında heç bir panika yoxdur.

Göründüyü kimi itirən tərəf yenə də Rusiyadır. Bu ölkə öz ənənəvi imperiya təfəkküründən heç cürə əl çəkə bilmir.

P.S.

Rusiyanın Ukraynaya qarşı 86 gündür davam etdirdiyi müharibə həm də Avropa ölkələrinə qarşı "qaz müharibəsi"nə çevrilir.

Bəybala Mirzəyev

visiontv.az