Qax rayonunda 11-ci siniflərin buraxılış imtahanı keçirilib
24.06.2020

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən respublikasının 9 şəhər və rayonunda, o cümlədən rayonumuzda da XI siniflər üzrə buraxılış (qəbul), Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif (cari il) şagirdləri üçün isə Azərbaycan dili (dövlət dili) imtahanı keçirildi.

Visiontv.az xəbər verir ki, imtahanın keçirildiyi şəhərin 2, 4 və 5 saylı tam orta məktəblərində pandemiya dövrünün tələblərinə uyğun olaraq əvvəlcədən zəruri profilaktik tədbirlər görülmüşdür. Məktəb binalarında, imtahan zallarında dezinfeksiya işləri aparılmış, şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmışdır.İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilmişdir

İmtahanda rayon üzrə 416 nəfər XI sinif məzunu iştirak etdi. Onlardan 17 nəfəri rus, 64 nəfəri gürcü, 335 nəfəri Azərbaycan bölməsinin məzunlarıdır. Azərbaycan dilindən fərqli dildə təhsil alan IX sinif şagirdlərinin sayı 87 nəfərdir. Onlardan 25 nəfəri rus, 62 nəfəri isə gürcü bölməsinin şagirdləridir.

İmtahanda iştirak edən şagirdlərə qaydalar izah olunub. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. 11:00 da başlanan imtahana buraxılış rejimi 10:45-də başa çatmışdır. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçıların imtahana tibbi maska ilə gəlməsinə və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə edilməsinə, tibbi maskalardan bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmasına nəzarət edilmişdir.
Rayon İcra Hakimiyyəti bütün məzunlara qəbul imtahanlarında uğurlar arzulayır.