Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq - Lavrov
26.01.2021

“Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi əhəmiyyət verirdik. Bu baxımdan Fransa və ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri arasında məhz biz hamı tərəfindən razılaşdırılmış, münaqişəyə son qoyulmasına töhfə verəcək prinsiplər çərçivədə ən müxtəlif fikirlər ardıcıl olaraq təşviq edirdik. Bir neçə il əvvəl Azərbaycan və Ermənistan tərəfdən yüzlərlə, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək razılaşmalar əldə etmək şansımız var idi. Təəssüf ki, o zaman bu, alınmadı”.

Visiontv.az-ın verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir, real proses gedir: “Prezident Putinin vasitəçilik səyləri, onun Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığı çoxsaylı danışıqlar nəticəsində 9 Noyabr razılaşması imzalandı. Bu razılaşma bütün döyüş əməliyyatlarının tamamilə dayandırılması ilə yanaşı, əksəriyyəti Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən hazırlanan prinsiplərə uyğun olan həll yollarını nəzərdə tutur. Vəziyyət bu prinsiplərə uyğun formalaşdı, lakin çoxsaylı insan itkisi bahasına”, - S.Lavrov söyləyib.

“Dağlıq Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymaq niyyətində deyilik. Yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyanın iştirakı ilə keçirilən sammit də bunu bir daha təsdiqlədi. Görüşdə praktikada razılaşmanı reallaşdıracaq və bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının və ümumilikdə regionda bütün iqtisadi və humanitar həyatı bərpa edəcək mexanizmin yaradılması barədə razılıq əldə edildi”.

Rusiya, Azərbaycan və Ermənistanın sülh yolunda qarşılaşacaqları yeni çağırışların olub-olmayacağına dair sualı cavablandıran S.Lavrov qeyd edib ki, İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “Ümumilikdə üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”.

Report