“Qarabağ hadisələri Sumqayıtdan deyil, Qafandan başlayıb”
28.02.2023

Rusiyalı tanınmış tarixçi-filosof, yazıçı, publisist, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov APA-ya müsahibə verib.

Visiontv.az həmin müsahibəni təqdim edir:

- Aleksandr Andreyeviç, sizi salamlayıram. Sizinlə sonuncu görüşümüzün üstündən düz 8 il ötüb. Bu ötən müddət ərzində dünyada, o cümlədən bizim məkanda - mən postsovet məkanını nəzərdə tuturam - bir çox mühüm dəyişikliklər baş verib. Bir sıra ekspertlər bəşəriyyətin Üçüncü dünya müharibəsinin astanasında olduğunu vurğulayırlar. Siz necə, Rusiya-Ukrayna müharibəsini yeni bir dünya müharibəsinin başlanğıcı hesab edirsinizmi?

- Məncə, bütün bunlar ekstravaqant hökmlərdir. Üçüncü Dünya müharibəsi nə deməkdir? Bəziləri Sovet İttifaqının dağılmasını Üçüncü Dünya müharibəsi və ya “Soyuq müharibə”nin bitməsi hesab edir. Düşünürəm ki, bütün bunlar düşünülmüş politoloji kuriozlardır. Rusiya-Ukrayna müharibəsi Rusiyanın Qərb dünyası, anqlo-sakson dünyası ilə toqquşmasının ciddi formasıdır. Bu toqquşma çox təhlükəlidir. Bu müharibənin sonu böyük böhranlarla doludur. Ola bilsin ki, nüvə müharibəsi böhranı olsun. Mənə elə gəlir ki, burada həm də qorxu təbliğatı aparılır. Ümumiyyətlə, bu müharibə əslində Rusiyanın Qərblə bütün tarixi boyu mövcud olub. Rusiya və Qərb tarix və din baxımından antoqonistdirlər, yəni barışmaz düşməndirlər. Qərb hər zaman Rusiya qarşı yürüş edib. Bu yürüşləri tefton cəngavərləri, Polşa kralları, alman faşistləri ediblər. Onlar Rusiyada özlərinə müstəmləkə qurmaq üçün yeni ərazilər, resurslar axtarıblar. Lakin bu yürüşlərin əsas məqsədi dərin rus mahiyyətini, kainat və Tanrının həqiqəti haqqında rus düşüncəsini məhv etmək olub. Çünki Qərb, anqlo-sakson dünyası isə ilə rus dünyasının düşüncələri bir-birinə əksdir, ziddir. Bu düşüncələrdəki ziddiyyət nədədir? Qərb, yəni ABŞ, ümumilikdə, anqlo-sakson düşüncəsində üstünlük fəlsəfəsi əsasdır. Bu fəlsəfədə üstünlük dominant rolundadır. Onların fəlsəfi təliminə görə, anqlo-sakson tarixi dünya tarixinin zirvəsi hesab olunur. Qalan digər xalqlar isə bu və ya digər halda onlardan öyrənməli və onlara tabe olmalıdırlar. Bu gün baş verənlər ABŞ-da Buş klanının da daxil olduğu qüvvələrin formalaşdırdığı Amerika qalası ilə Rus kilsəsi arasında gedən müharibədir, döyüşdür. Bu rəqabət nə qədər davam edəcək, mənə bunu demək çətindir. Bu, siyasətçilərin, onların güzəştlərinin məsələsidir. Düşünürəm ki, bu qarşıdurma hələ çox gedəcək. Lakin bu, dünya apokalipsisi ilə nəticələnməyəcək.

- Onda belə çıxır ki, bu, iki sivilizasiyanın mübarizəsidir?

- Bu mübarizə sivilizasiyalardan böyükdür. Bu, iki anlamın, düşüncənin mübarizəsidir, hansı ki, siyasi, ideoloji və mədəni cəhətdən bir-birindən fərqlənir.

- Belə bir fikir var ki, Rusiya yenidən Sovet İttifaqını güc yolu ilə bərpa etmək istəyir, Ukraynadakı müharibənin də səbəbi məhz budur. Müstəmləkə, imperializmin süquta uğradığı, qloballaşan, daha çox interaktivləşən dünyada müharibə ilə təsir gücünü yaymaq nəhəng Rusiya üçün nə qədər ağıllı addım hesab olunur? Dövlət bunu nə qədər “xüsusi əməliyyat” adlandırsa da, bu, mahiyyətcə əsl müharibədir.

- “Rusiya Sovet İttifaqını bərpa etmək istəyir” fikri elə “Tezliklə Üçüncü Dünya müharibəsi başlayacaq” deyənlərin gəldiyi politoloji nəticənin bənzəridir. Rusiyanın dövlətçilik tarixi imperiyanın tarixidir. Bu yaradılışın və çöküşün, yenidən yaradılışın və yenidən çöküşün tarixidir. Belə imperiyalar Rusiyanın tarixində dörd dəfə olub. Kiyev-Novqorod imperiyası, Moskva çarlığı imperiyası, üçüncü Romanovlar imperiyası və dördüncü, Sovet İttifaqı imperiyası. Beşinci imperiya isə Putin imperiyasıdır ki, hansı ki, o, hazırda bərpa olunur. 1991-ci ilin çöküşündən sonra, nə vaxt ki, növbəti imperiya süquta uğradı, o zaman sirli rus prosesi start götürməyə və beşinci imperiya yaranmağa başladı. Bu imperiya hansı həcmdə özünü bərpa edəcək, bunu bilmirəm. Tendensiya var, bu tendensiya qırılacaqmı, onu bilmirəm. Lakin hazırda imperiya dövlətinin bərpası baş verir. Rusiya öz tarixi mövcudluğunun imperiya xarakterini bərpa etməyə çalışır. Krım bunun ilk simptomu idi, hansı ki, Rusiya onun torpağından qopması ilə barışa bilməzdi. Donbasdakı üsyanlar ikinci simptom idi. Bundan sonra nə olacaq və ya nəsə olacaqmı, onu da bilmirəm. Söhbət gəzir ki, xalqlar yenidən imperiya dövrünə qayıdacaqlar, bunlar hamısı blefdir. Misal üçün, bizə və sizə yaxın Türkiyə... Ərdoğan, türkiyəli siyasətçilər və filosoflar onlar Osmanlı imperiyasının konsepsiyasını, türkçülük ideyasını formalaşdırırlar. Türküstan ideyası... Türkiyə öz ideyalarını yaymaqdadır. Bu gün Türkiyənin Cənubi Qafqazda təsirini görməmək qeyri-mümkündür. Onda gəlin Türkiyəni, Ərdoğanı günahlandıraq ki, o, genişlənmə siyasəti yürüdür. O, Osmanlı imperiyasını genişləndirmək üçün öz ordusunu göndərmir. İndi müharibələr ordu ilə aparılmır. Bu köhnə üsuldur. Genişlənmə indi müasir üsullarla, mədəniyyət, tarix, hibrid və təşkilati silahlarla aparılır. Ona görə də, “Rusiya Sovet İttifaqını bərpa etmək istəyir” söhbətləri düzgün deyil. Rusiya sadəcə olaraq dövlət kimi öz mövcudluğunu böyük materik məkanda görür. Bunsuz Rusiya yaşaya bilməz. Rusiya tək Moskva vilayətindən ibarət ola bilməz.

Mənə bəzən deyirlər ki, Sovet İttifaqının süqutu xalqların dinc boşanması idi. Bu necə dinc boşanmadır ki, milyonlarla insanın həyatına bais olub. Xalqlar bir-birinə nifrət edir. Bunu edənlər rus və ukraynalıların bir-birinə nifrət etməsinə nail olublar. Bu nifrət nə qədər davam edəcək, söyləmək çətindir.

- Rusiyanın planında Sovet İttifaqını bərpa etmək olmasa da, imperiya ambisiyaları mövcuddur.

- Gəlin bunu imperiya ambisiyası deməyək, deyək ki, Rusiya dövlətçiliyi mövcud olmaq istəyir. Ona görə də, biz bu və ya digər səviyyədə imperiyanı bərpa etməyə məcburuq. Putin isə bu dövlətçilik tendensiyasının funksiyasıdır. O, dövləti idarə etmir, Rusiyanın dərin dövlətçiliyi Putini idarə edir və bu siyasəti həyata keçirir. Mən bir rus tarixçisi kimi bunu hiss edirəm.

- Sizcə, bu müharibə necə bitəcək? Dünya düzəni Rusiyanın istədiyi kimi dəyişməsə, necə olacaq?

- Düşünmürəm ki, dünya düzəni Rusiyanın istədiyi kimi dəyişəcək. Bu, ümumiyyətlə istisnadır. Ona görə ki, bu gün dünyada bir neçə nəhəng layihələr fəaliyyət göstərir. Bunlardan biri yeni Amerika layihəsidir ki, hansı ki, bəşəriyyətə yeni mövcudluq modeli təklif edir. Bu layihə köhnə dövrlərdən yığılıb qalanların silinəcəyi, doğumun nizamlanacağı, insanların siniflərə bölünəcəyi, yeni iyerarxiyanın olacağı yeni bəşəriyyəti nəzərdə tutur. İkinci layihə isə Çinə məxsusdur. “Bir kəmər, bir yol” adlanan bu layihə Çin arzusudur ki, birinci layihə ilə üst-üstə düşmür. Üçüncü isə böyük rus layihəsidir ki, özündə Avrasiya məkanının suveren dövlətlərinin birləşməsini ehtiva edir. 1991-ci ildən sonra Rusiyanın suverenliyi yox idi. Rusiya xaricdən idarə olunurdu. Bu layihələr bir-biri ilə toqquşur. Bunun nəticəsi necə olacaq məlum deyil. Bu layihələrdən hansının qalib gələcəyini düşünmək mənasızdır. Adətən güzəşt qalib gəlir. Hazırda Amerika və Rus layihələri, eləcə də Amerika və Çin layihələri rəqabət aparırlar. Çin və rus layihələri isə bir nöqtədə birləşir. Bundan sonra nələrin baş verəcəyi məlum deyil.

- Qərb həqiqətən Rusiyanı parçalamaq istəyir? Sovet İttifaqı dağılandan sonra çox zəif olan Rusiyanı parçalamayan Qərb, niyə hazırda həmin dövrlə müqayisədə güclü olan Rusiyanı parçalasın ki? 90-cı illərdə əlinə belə bir fürsət düşmüşkən...

- Qərb Sovet İttifaqını parçalamışdı. Bu parçalanmadan sonra Qərb sakitləşmədi, əksinə, daha da irəli getdi. SSRİ-nin parçalanması nəhəng Amerika layihəsi idi, onilliklərlə hesablanmışdı. “Soyuq müharibə” dövründə ən müxtəlif texnologiyalar tətbiq olunmuşdu. SSRİ-ni dağıdan layihənin mexanizmi bu gün də mövcuddur. Bunlar Pentaqon, kəşfiyyat, siyasi mərkəzlər, institutlardır. Onlar qürubu gözləyirlər. 1991-ci ildən sonra Rusiya ölkə olmaqdan çıxmışdı. 90-cı illərdə Rusiya amerikalılar tərəfindən idarə olunurdu. Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Anatoli Çubaysın qurumunda oturmuşdular. Onlar hərbi zavodlarda, bütün həyati əhəmiyyətli qurumlarda, bir sözlə, hər yerdə oturmuşdular. Onlar “Rusiyanın düşməni yoxdur” ideologiyasını yaratmışdılar. Rusiya ordusunu məhv etmişdilər. Rusiyanı ölkəyə yox, bir məkana çevirmişdilər. Amma Rusiyanın dövlətçilik sirrinin gücü ilə ölkə yenidən dirçəlməyə başladı, özünə yeni lider seçdi, Nemtsovu, Stepaşini deyil, məhz Putini seçdi. Bu dövlətçilik sirri Putinə keçib, onun psixikasını idarə edir. Rusiya Qərblə sadəcə ziddiyyətə girməyib, o, həm də Qərbə qarşı üsyana qalxıb. Putin Rusiyanın Qərbə baş qaldırmış üsyanıdır. Rus tarixi politologiyadan daha güclüdür. Məhz bu tarix Putini Münxen nitqinə aparıb çıxardı. Putin Qərbdən Rusiyanın suverenliyinə hörmət etməyi tələb etdi. Putin Rusiyanın suverenliyini bərpa etməyə başladı. Buna ABŞ necə reaksiya verməli idi? Əlbəttə ki, ənənəvi vasitələrlə... Rusiyanı dayandırmaq... parçalamaq... Qərbin bu gün məqsədi budur, o, heç bunu gizlətmir də...

- Mən 80-ci illərin sonuna, 90-ların əvvəlinə qayıtmaq istəyirəm. Bəzi qüvvələr Qarabağ hadisələrinin Sumqayıt hadisələrindən başlandığını iddia edir. Siz yeganə qeyri-azərbaycanlı mütəxəssissiniz ki, ilk dəfə Qarabağ hadisələrinin Sumqayıtdan deyil, məhz Qafandan başlandığını qeyd edirsiniz.

- Bəli, bu belədir. Mən Qafan hadisələri olanda Ermənistanda idim. Həmin vaxt Ermənistandakı Azərbaycan anklavına çox güclü təzyiqlər vardı. Qafandakı azərbaycanlılar öldürülmək təhlükəsi ilə öz yurdlarından didərgin düşməyə məcbur edilirdi. Bütün xalq - qocalı, cavanlı, uşaqlı əliyalın vəziyyətdə Azərbaycana pənah apardılar. Bu, mahiyyət etibarı ilə güc tətbiqinin təsirinin olduğu ilk akt idi. Münaqişələr əvvəllər də olmuşdu. Lakin onlar güclü sovet hakimiyyəti tərəfindən söndürülmüşdü, daşnaklar həbsə atılmışdılar, bütün millətçilər susdurulmuşdu. Elə ki, Sovet İttifaqında zəiflik başladı, Qorbaçov hakimiyyətə gəldi, sovetlərin bütün norma və strukturları silkələnməyə başladı, bu milliyyətçilik yenidən baş qaldırdı. Bunun ilk təzahürü isə məhz Ermənistanda baş verdi. Bu ölümcül səhv idi. Ona görə ki, Azərbaycana gələn alçaldılmış və qovulmuş Qafan azərbaycanlıları qisas hissi ilə yanırdılar. Onları ən çox Sumqayıtda yerləşdirdilər. Ona görə də, Sumqayıt hadisələri Qafan hadisələrinin nəticəsidir.

- Sumqayıt hadisələrini törədən dəstənin başçılarından biri erməni Qriqoryan idi. Bu faktın özü ermənilərin bu işdə əlinin olduğunu sübut etmirmi?

- Mən bu məsələni araşdırmamışam. Amma bir daha təkrar edirəm ki, Sumqayıt hadisələri ziddiyyətin bir mərhələsi idi. Orada kim idi günahkar, kim idi başçı, bunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, hər şey Qafandan başlamışdı.

- 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko yaxın dostunuz olub. Qarabağ hadisələrinin əsas şahidlərindən biri də o idi. Polyaniçko Sizinlə Qarabağ hadisələri ilə bağlı hansısa sirri bölüşübmü?

- O mənimlə Qarabağ hadisələri ilə bağlı sirr bölüşməyib. Bəlkə də, belə bir sirr olmayıb. Qarabağ hadisələri başlayanda mən, dostum, SSRİ Silahlı Qüvvələrinin Qafqaz hərbi dairəsinin nümayəndəsi general Albert Makaşovun tövsiyəsi ilə “Literaturnaya qazeta”nın müxbiri kimi Stepanakertə (Xankəndi-red.) getmişdim. O zaman oradakı vəziyyətin şahidi oldum. Makaşov ermənilərin Qarabağdakı “Krunq” təşkilatının bütün üzvlərini həbs etmişdi. Mərkəz Qarabağda baş verənlərə çox gec reaksiya verirdi. “Krunq”un bütün üzvləri həbs olunmuşdu, bircə Robert Koçaryandan başqa, o, azadlıqda idi. Dostum Makaşov mənə öz avtomobilini verdi, mən Stepanakertə yollandım. Koçaryanla tanış oldum. O, qeyri-leqal vəziyyətdə idi. Biz onunla söhbət etdik. O, mənə niyyətini və siyasi düşüncələrini açıqladı. Mən ona dedim ki, Robert, siz Ermənistanın prezidenti olacaqsınız. Mənim dediklərim əvvəl-axır düz çıxdı. Stepanakertdə mən Polyaniçko ilə rastlaşdım. Mən onunla çox əvvəldən tanış idim. O, Əfqanıstan rəhbəri Babrək Karmalın baş siyasi müşaviri, faktiki olaraq, Əfqanıstanın sahibi idi. Babrək Polyaniçkosuz heç bir qərar qəbul etmirdi. Biz orada onunla tanış olmuşduq. Əfqanıstan hekayəsi bitəndən sonra Polyaniçko Bakıya, Ayaz Mütəllibovun yanına qayıtmışdı. Stepanakertdə Polyaniçko ilə ağır-yorğun günlər keçirdik. Sonra birlikdə Bakıya qayıtdıq. Daha sonra onunla Moskvada rastlaşdıq. Onu Osetiyaya göndərmişdilər. İnquşetiya ilə müharibə zonasına... Polyaniçkonu onları barışdırmaq üçün göndərmişdilər. Lakin o, pusquya düşüb həlak oldu.

- Onun ölümü də sirr oldu...

- Mən elə deməzdim. Onun getdiyi yer “qara dəlik” idi. Orada təkcə müharibə getmirdi, silah alveri gedirdi. Polyaniçko bunun qarşısını almaq istəyirdi. Onu görüşə çağırıb, pusquya saldılar. Silah alverində maraqlı olanlar onu güllələdilər.

- 2017-ci ildə siz Bakıda olarkən Qarabağın azərbaycanlı icması ilə görüşdə belə bir sual səsləndirmişdiniz: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?!” 2020-ci ildə Azərbaycan bu suala cavab vermiş oldu. Bu barədə sizin fikrinizi bilmək mənim üçün çox maraqlıdır. Çünki, çox yaxşı yadımdadır ki, siz azərbaycanlıların təbiət etibarilə müharibəyə, vuruşmağa deyil, ticarətə meylli xalq olduğunu bildirmişdiniz. Ona görə bu suala cavabı sizdən səbirsizliklə gözləyirəm.

- Bunu mənə azərbaycanlılar özləri demişdilər. 90-cı illərdə bütün bazarlarda, restoranlarda çoxlu azərbaycanlılar çalışırdı. Amma bir dənə də olsun azərbaycanlı jurnalistə rast gəlinmirdi. Rusiyanın media sahəsində praktiki olaraq azərbaycanlı yox idi. Ermənilər isə televiziyalarda, qəzetlərdə, siyasətdə, hər yerdə idilər. Azərbaycanlılar indi də əvvəlki kimi azdılar. Azərbaycanlılar hazırda Rusiyada biznes sahəsində daha çox təmsil olunurlar. O zaman mən Bakıda olanda Elçibəy, Qazıyev ordusunun döyüşmək bacarığında olmadığını görmüşdüm. Azərbaycanda həmin dövrdə ancaq liberal boş söz-söhbətlər gedirdi. Ermənilər isə birləşmişdilər. Azərbaycanın böyük potensialı vardı. Həm insan, həm də maliyyə potensialı baxımından Azərbaycan Ermənistandan üstün idi. Azərbaycanda bircə təşkilatlanmaq çatışmırdı. Bu münaqişə illər ərzində azərbaycanlıların ürəyini yandırırdı. Azərbaycana hərbi təşkilatlanmaq lazım idi və bu baş verdi. Dövlətin mövcudluğu üçün onun güclü ordusu olmalıdır. Əgər bir xalqın yolgöstərəni, mədəniyyət daşıyıcıları və sərkərdələri varsa, o, dövlət kimi formalaşmış olur. Azərbaycan Ordusu texnika ilə, “Bayraktarlar”la necə davranmağı öyrənib işğal altındakı torpaqlarını azad etdi.

- Ermənistanın Rusiyaya münasibətində dəyişikliyi siz də müşahidə edirsinizmi? Ermənistan hakimiyyətinin Qərbə meyllənməsini nəzərdə tuturam.

- Ermənilər Qərbdə olmağı arzulayırlar. Mən Ermənistanda olan zaman gördüm ki, bu ölkənin ziyalıları qismən Rusiyadan tərəf olsalar da, gənclik tamamilə Qərbdən, ABŞ-dan yanadır. Düşünürəm ki, bu, belə davam etsə, Ermənistandan heç nə qalmayacaq. Əgər onlar özlərini belə aparmağa davam etsələr, Rusiya ilə Ermənistan arasında dərin münaqişə yaranacaq. Onsuz da Paşinyan özünü həyasızcasına aparır. O, Kremli, Putini qıcıqlandırır. Hesab edirəm ki, Ermənistanın taleyi faciəvi olacaq.