Qadınlar mələk olmadığı kimi kişilər də humanist deyillər...
05.08.2021

Qadın niyə ölür?!

Qadınlar mələk olmadığı kimi kişilər də humanist deyillər...Siyasi tərəfi nə qədərdir bilmirəm, tək anladığım Qadın bu cəmiyyətin qurulmasında vacib əsas sütundur.

Xəyanət! Yaxud ailə cəmiyyətini məhvə aparan bir çox başqa səbəblər...hər iki tərəfdə də var! İndi ailə dəyərlərində bir çox düşüncə dəyişiklikləri var. Ailə gözəl nemətdir, mən ailə formatını çox sevirəm. Amma bizim qədər dözümlü gənclik varmı indi, deməzdim var?!

Ailə dəyərlərini məhv edən, dağıdan əsas sosial səbəblər olduğundan Qadın dramı sosial hadisədir - deyə düşünürəm. Normal boşana bilirikmi, yox?! Oğlan tərəfi nə aliment nə də ev bölgüsünü icra etməyi düşünmür (bunu təmin edən istisna halda adamlar görsəm sevinərəm), düşünür ki, -" nə yaxşı mən qadına ev, aliment verim, o da getsin başqasıyla kef çəksin?".

Bu parabeyin gədə anlamaq istəmir ki, bu onun atasının ona buraxdığı adət mirası deyil, qanun qarşısında götürdüyü, tabe olmağa məcbur konstitusiya öhdəliyidir. Bunun yarıtmaz halda yerinə yetirilməsinə səbəb də rüşvətə xidmət edən, ali qanunvericilikdəki maddələri cibinin içində görən məhkəmələrdir. Mən bunları şəxsən yaşadığımçın və kişi hegemonluğunun hər cür əziyyətini çəkmiş Qadın olaraq bilirəm və uzun misallar çəkə bilərəm özümdən. Demək olar ki, vəziyyətimlə əlaqədar bütün aid olan orqanları silkələmişəm. Lakin, lakin, lakin uduzmuşam...bu qurumlardakı rüşvət xəstəliyinə! Və Azərbaycan qadını məişət problemlərinə uduzaraq özünü cinsi istismara məruz qoymağa məcbur qalır. Çünki böyüməkdə olan övladlar var və qız valideyni üstünə qayıdan övladına bu günki cüzi maaş, pensiya yaxud hər hansı yerdən gələn az miqdarda gəlirlə çox vaxtı onları nə qədər, necə saxlamağı bacarmır.

Heç bir qadın xoşbəxtlikdən yolunu azıb özünü evindən çölə əsla atmaq istəməz, çünki cahil deyilsə onu çöldə nə gözlədiyini bilir! Ən yaxşı halda kiminsə neçənci məşuqəsi... qalan halda bütün dramlara açıq həyat tərzi ağzını açıb onu udmağa hazır halda yolunu gözləməkdə! Bu mövzu o qədər diletant mövzudur ki...hər gün, hər yerdə, həmişə var, bitmir ki, bitmir! Bu üzdən Ailə bütün həyatımızın kökü olduğundan Qadın ölümləri məişət problemlərinin məngənəsində bizi var gücü ilə sarsıdıb silkələməkdə!

Aida Adıgözəl

Visiontv.az