Putinin “simasını xilas etmək” üçün variantlar axtarmaq yanlış yanaşmadır-Kuleba
Putinin “simasını xilas etmək” üçün variantlar axtarmaq yanlış yanaşmadır-Kuleba
18.05.2022 MEDİA Tərəfindən

Heç kim Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəyə təhrik etməyib, ona görə də o, özü “simasını xilas etmək” üçün yollar axtarmalıdır. Bunu Bloomberg TV-yə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında söhbətdə iştirak etməyib, ona görə də bu barədə şərh verə bilməz: "Ancaq müharibə başlayana onlar təzyiq göstərmirdilər, əksinə, həll yolunun nə ola biləcəyi, Ukraynanın Rusiya ilə razılaşmaq üçün nədən imtina edə biləcəyi variantını işləyirdilər. Bu, səbəbsiz müharibədir. Nə Ukrayna, nə Avropa, nə NATO, nə də ABŞ Putini müharibəyə təhrik etməyib və ona görə də o, buna görə tam məsuliyyət daşımalıdır. Putin üçün “sima xilas etmək” variantlarını axtarmaq sadəcə olaraq yanlış yanaşmadır. Qoy Putin özü “simasını xilas etmək" barədə düşünsün.

Nazirin sözlərinə görə, Ukraynaya 2014-cü ildən bəri dəfələrlə deyilib ki, hansısa formada Putinə güzəştə gedin: “Bu müharibənin baş verməsinin səbəblərindən biri odur ki, 2014-cü ildən bəzi Qərb dövlətləri - Almaniya, Fransa, müəyyən dərəcədə ABŞ və digər dövlətlər Rusiya Federasiyasına qarşı yarımçıq siyasət yürüdüblər. Hamı həmişə deyib ki, Putini sakitləşdirmək üçün burada güzəştə getməlisiniz, müharibənin qarşısını almaq üçün orada güzəşt olmalıdır və sair. İndi  müharibə baş verdi. Bu isə o deməkdir ki, artıq Ukraynanın güzəştə getməsi üçün heç bir əsas qalmayıb". 

Kuleba bildirib ki, hazırda Ukraynanın varlığı uğrunda müharibə gedir: "Prezident Putin Ukraynanın dövlət kimi mövcud olması hüququnu tanımır. Ona görə də bizim bu müharibədə qalib gəlməkdən başqa seçimimiz yoxdur. Çünki bu, biz varlığımız üçün müharibə edirik. Və bu müharibədə qələbə bizim ərazilərimizin işğaldan azad edilməsi, yenidən bərpa olunması demək olacaq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün təmin edilməsi deməkdir".

Nazir qeyd edib ki, Ukrayna heç kimin ərazisini ələ keçirmək niyyətində deyil: “Lakin biz istəyirik ki, bizə məxsus olan hər şey bizim olsun”.

Əli Əliyev

visiontv.az