Putinin "qırmızı" xəyalları...
Putinin "qırmızı" xəyalları...
17.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Martın 15-də Rusiya "sülhməramlı" kontingentinin Şuşa yaxınlığında, Turşsuda 32 il əvvəl gorbagor olmuş keçmiş SSRİ-nin bayrağını qaldırması bir yandan təxribatdırsa, o biri yandan isə məkrli plandır.

Rusiya Ukraynada düşdüyü "bataqlıq"da çabalayaraq gün-gündən zəifləsə də, ancaq digər münaqişə ocaqlarında isə öz mövcudluğunu axıra qədər qoruyub saxlamağı planlaşdırır. Bunun üçün isə ilk növbədə postsovet respublikalarında separatçılığı qızışdırır.

Turşsuda mənfur SSRİ bayrağının dalğalandırılması, Xocalıda çar Rusiyası sərkərdələrinin abidələrinin ucaldılması kimi addımlar psixoloji təsir vasitəsidir. İnsanları sovet-rus atributlarına öyrəşdirməyə, alışdırmağa çalışırlar.

Eyni zamanda mesaj verirlər. Demək istəyirlər ki, "biz ayaq basdığımız hər yerdə kök salırıq, möhkəmlənirik". Bu da müasir rus imperializminin yeni formasıdır. Onlar sülhməramlı adıyla soxulduqları ölkələri heç bir halda tərk etmək istəmirlər.

Bunun ən bariz nümunəsi hələ gorbagor Yeltsinin dövründə Moldovadan zorla qoparılmış Dnestryanı adlı separatçı bölgəyə Rusiyanın "sülhməramlı" ordusunun yeridilməsidir. 1992-ci ildən Dnestryanıda yerləşən Rusiya "sülhməramlı"larının mandatı çoxdan bitsə də, lakin Kreml öz "sülhməramlı"larını min cürə bəhanə ilə orada saxlamağa davam edir.

Moldova hökuməti Rusiyanın "sülhməramlı ayılar"ını öz torpaqlarından çıxarmaq üçün bütün siyasi-diplomatik vasitələrdən istifadə etsə də, lakin hələlik ortada heç bir real müsbət nəticə yoxdur.

Rusiya "sülhməramlı"ları yerləşdikləri ərazilərdən zəli kimi yapışırlar.

Amma Moldovadan və Gürcüstandan fərqli olaraq Azərbaycanın isə rusları öz ərazisindən çıxarmaq təcrübəsi var. Azərbaycan bundan əvvəl bir dəfə (1992-1993-cü illərdə) Rusiya ordusunu öz ərazilərindən çıxarmağı bacarıb. Deməli, ikinci dəfə də bacaracayıq.

Rus "sülhməramlı"larını bölgədən yola salmağımıza cəmi 2 il qalıb. Biz bu istiqamətdə indidən ardıcıl addımlar atmalıyıq. İlk növbədə isə Müdafiə Nazirliyi "sülhməramlı"ların bu kimi təxribatlarına sərt münasibət bildirməyə davam etməlidir.

Putin isə hələlik öz aləmində "qırmızı" xəyallar qurmağına davam etsin.

Tarixin küllüyünə qarışan qırmızı rus-sovet-bolşevik dövləti (SSRİ) bundan sonra həmişə xəyal olaraq qalacaq. Kremlin rəhbəri reallıq hissini itirdiyinə görə postsovet ölkələrinə qarşı yürütdüyü aqressiv siyasəti ilə Rusiyanın özünü məhvə doğru sürüklədiyini anlamır.

Orda-burda keçmiş sovet bayrağını qaldırmaqla, Xocalıda rus generallarına heykəl qoymaqla SSRİ-ni bərpa etmək mümkün deyil.

Özünü biraz 1-ci Pyotra, biraz 2-ci Yekaterinaya, biraz da Stalinə oxşadan, bir sözlə, keçmişdə ilişib qalan Putin zamanla bu həqiqəti də anlayacaq.

Bəybala Mirzəyev

visiontv.az