Rusiyanın tanınmış müxalifət xadimləri bazar günü Berlinin mərkəzində azı 1000 nəfərin iştirak etdiyi yürüş keçirərək, Rusiya prezidenti Vladimir Putini və onun Ukraynada aprdığı müharibəni tənqid edib və Rusiyada demokratiyaya çağırıblar.
“Putinə yox. “Müharibəyə yox” aksiyasına Yuliya Navalnaya, eləcə də keçən avqust ayında məhbus mübadiləsi zamanı Rusiyada həbsdən azad edilmiş İlya Yaşin və Vladimir Kara-Murza başçılıq ediblər.
Rus dilində “Putinsiz Rusiya” və digər şüarlar səsləndirən nümayişçilər həmçinin “Putin=müharibə” və almanca “Putin qatildir” kimi yazıların yer aldığı lövhələr tutublar.
Bəzi nümayişçilər Rusiya və Ukrayna bayraqları, başqaları isə Rusiyanın bəzi müxalifət qruplarının istifadə etdiyi ağ-mavi-ağ bayraqlarla yürüş ediblər.
Təşkilatçılar yürüşün Potsdamer Platz yaxınlığından başladığını, Brandenburq Qapısı və Çarli Nəzarət Məntəqəsinə qədər etdiyini və Rusiya səfirliyində yekunlaşadığını bildiriblər.
“Yürüş iştirakçıları Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını, Vladimir Putinin hərbi cinayətkar kimi mühakimə olunmasını və Rusiyada bütün siyasi məhbusların azad edilməsini tələb edir”, nümayişçilər bildiriblər.
Nümayişdən əvvəl verdiyi açıqlamada Yaşin bildirib ki, nümayişçilər “Berlində bizim burada əldə etdiyimiz azadlıqdan dinc, azad və sivil Rusiyanın mövcud olduğunu dünyaya göstərmək üçün istifadə edirlər”.
Navalnaya, Yaşin və Kara-Murza bazar günü keçirilən mitinqi son vaxtlar müharibə əleyhinə düşərgəni qəzəb hissinin bürüdüyü vaxt birlik nümayişi kimi qiymətləndiriblər.
Rusiyanın sürgündə olan müharibə əleyhinə müxalifəti indiyədək yekdilliklə danışmaq və aydın fəaliyyət planı təqdim etməkdə uğursuz olub.
Avqust ayında məhbus mübadiləsi əsas opponentlərin azad edilməsi ilə nəticələnərək, korrupsiya əleyhinə xarizmatik mübariz və Kremlin qatı düşməni olan Navalnının həbsxanada ölümü ilə sarsılan hərəkatın canlandırıla biləcəyi ilə bağlı ümidlərin artmasına səbəb oldu.
Lakin bunun əvəzində, Navalnının müttəfiqləri və digər tanınmış dissidentlərin bir-birinə qarşı ittihamlar irəli sürməsi ilə son aylarda gərginliyin artması birləşmiş anti-Kreml cəbhəsi ilə bağlı ümidləri puça çıxarıb.
Müxalif düşüncəli bir çox rusiyalı daxili çəkişmələr və bəzilərinin rəqib qrupların bir-birini gözdən salmaq və nüfuzunu ələ keçirmək cəhdləri kimi gördükləri hərəkətlərdən dərin məyusluq ifadə edib.