Putin taktiki nüvə silahından istifadə edəcək: Heç kim onu saxlaya bilməyəcək
Putin taktiki nüvə silahından istifadə edəcək: Heç kim onu saxlaya bilməyəcək
01.10.2022 MEDİA Tərəfindən

Mən keçən dəfə də bunu demişdim, indi də təkrar edirəm: Vladimir Putin taktiki nüvə silahından istifadə edəcək və heç kim onu saxlaya bilməyəcək... Əgər deyibsə, mütləq edəcək... Necə ki, Çeçenistana, Gürcüstana, Ukraynaya silahlı müdaxilə etdi və heç kim onu saxlaya bilmədi...

Hazırda Avropanın, Amerikanın əsas məqsədi Ukraynanı xilas etmək olmalıdır. Nəyin bahasına olursa-olsun, atəşkəs elan olunmalı, sülh danışıqlarına başlanmalıdır. Əks təqdirdə, Ukrayna qoşunları Rusiya tərəfindən ilhaq olunmuş Xerson, Donetsk, ya Luqansk ərazilərinə girə bilər və Putin taktiki nüvə silahından istifadə edə bilər. Adam sadəcə olaraq, bəhanə gözləyir. Bu zaman Ukrayna viran olacaq, həmsərhəd Avropa ölkələri isə ayaqlar altında qalacaq. Ona görə də, deyirlər ki, ən yaxşı müharibədən ən pis sülh yaxşıdır.

Tarixdə ən pis sülh bağlamağın ən yaxşı nümunələri var. XX əsrin əvvəllərində Türkiyə, Rusiya, ortalarında isə Almaniya, Yaponiya liderləri ən pis şərtlərlə sülh bağladılar, amma dövlətçiliklərini qorudular. İndi Ukraynada söhbət ölkədən yox (itirilib?!), dövlətçiliyin itirilməsindən gedir. 600 min kv. kilometrlik Ukrayna ərazisinin dörddən biri artıq işğal edilib, 10 milyon adam qaçqın düşüb, 100 minə yaxın mülki və hərbçi qırılıb. Bu dəhşətli Humanitar fəlakətin qarşısını almaq vaxtı deyilmi? Bütün Qərb dünyası, onların təşkilatı - BMT, silahı - Təhlükəsizlik Şurası hara baxır? Axı, Ukraynanın NATO-ya qəbulu III Dünya – Atom Müharibəsinin başlanmasıdır...

Belə görünür ki, Qərb dünyası Ukraynada sülh arzulamır, sadəcə olaraq, bu dövləti Rusiya ilə müharibəyə qızışdırır. Ukraynanın başına təxminən 25 il əvvəlki “Ermənistan oyunu” açırlır. O vaxt da Qərbin təhriki, Rusiyanın, İranın dəstəyi ilə, Ermənistana Azərbaycanla sülh bağlamağa imkan vermədilər. Tərəflərə iqtisadi ziyandan və saysız qurbanlardan başqa heç nə gətirməyən işğalçı müharibə davam etdi. Yalnız Azərbaycan lideri Heydər Əliyevin müdrikliyi sayəsində atəşkəs elan olundu və qanlı müharibə dayandı. 20 il vaxt Qərbin Minsk Qrupunun mənasız danışıqlarına getdi. Azərbaycan inkişaf etdi, irəli getdi, Ermənistan isə bütün iqtisadi layihələrdən kənarda qaldı, yerində saydı. Sonda qanlı müharibə yenidən başladı və Ermənistanı 25 il geri atdı... İndi Ermənistanın da dövlətçiliyi (öz sözləridir!) təhlükə altındadır...

Bəli, Qərbin, NATO-nun müdaxiləsi – “köməyi” olmasaydır, Rusiya – Ukrayna müharibəsi bəlkə də başlanmazdı, başlansa da, çoxdan dayanmışdı, sülh müqaviləsi bağlanmışdı. Nə qədər ki, Rusiya nüvə silahına əl atmayıb, Ukrayna tamam dağılmayıb, hələ gec deyil, təcili atəşkəs elan olunmalı, sülh danışıqlarına başlanmalıdır. Altını cızıb qeyd etmək lazımdır ki, Rusiya ilə Ukrayna arasında Böyük sülh müqaviləsinin bağlanmasına Avropa liderləri, Avropa Birliyi daha maraqlı olmalıdır. Ukrayna onsuz da batıb, yalnız dövlətçiliyi qalıb, ABŞ isə uzaqdadır. Rusiyanın taktiki nüvə raketləri (300 km) Amerikaya çatmayacaq, amma Avropanı viran qoyacaq... Sayılı günlər, ən yaxşı halda, aylar qalır...

Qalib ARİF

visiontv.az