Putin miqrantlara Rusiya vətəndaşlığını almağı sadələşdirdi
24.04.2020

Prezident Vladimir Putin Rusiya vətəndaşlığı alınması prosedurunun sadələşdirilməsi haqqında qanun imzalayıb.

Visiontv.az xəbər verir ki, sənəd cümə günü rəsmi məlumatların internet portalında yayımlanıb.

Yeni qanuna əsasən, Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etmək lazım deyil. Buna qədər Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilərin qarşısına belə bir tələb qoyulmuşdu.

Eyni zamanda, SSRİ-də doğulmuş, keçmiş sovet respublikalarında yaşayıb, bu ölkələrin vətəndaşlığını almayan şəxslərin Rusiyada mütləq 3 il yaşaması və qanuni gəlir mənbəyini təsdiqləməsi tələbi aradan götürülür. Bu qayda Rusiya vətəndaşlarının Rusiyada yaşayan əcnəbi həyat yoldaşlarına, eləcə də valideynlərindən biri Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan şəxslərə də aiddir.

Rusiyada müvəqqəti yaşama icazəsi olan Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları Rusiyada 3 il yaşamadan da vətəndaşlıq üçün ərizə təqdim edə biləcəklər.

Rusiya ali məktəblərinin məzunları üçün əmək fəaliyyətinin müddəti iki il azaldılıb.

Sənəd imzalandığı tarixdən 90 gün sonra qüvvəyə minəcək.