Prezident və birinci xanım Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub
07.12.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma qəbiristanlıqda və türbədə aparılan abadlıq, bərpa və təmir işləri barədə məlumat verərək dedi:

- Cənab Prezident, ümumilikdə bu, Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə Şahxəndan qəbiristanlığı adlanır. Qəbiristanlıqdakı bu ərazi kənarda gördüyünüz məhəccərlərlə hörülü idi. Biz əhali ilə fərdi söhbət apardıq, xahiş etdik, icazə aldıq, məhəccərləri sökdük və ərazini abadlaşdırdıq.

Prezident İlham Əliyev: Görürəm, abadlaşdırılıb, qədim məzarlardır.

Tahir Məmmədov: Bunlar qədim məzarlardır. Bu məzarların hamısını torpağın altından çıxartdıq.

Prezident İlham Əliyev: Neçənci əsrə aiddir?

Tahir Məmmədov: Ümumilikdə Şahi Xəndanın qəbri XIV əsrə aiddir və bu qəbiristanlıq o dövrdən mövcuddur.

Prezident İlham Əliyev: Şəhər qəbiristanlığı kimi istifadə olunur?

Tahir Məmmədov: Bəli, hələ də istifadə olunur. Əlavə yerlər var. Şamaxıda bu cür iki böyük qədim qəbiristanlıq var. Bu, və Yeddi günbəz qəbiristanlığı, hansında ki şahın ailə üzvləri dəfn olunubdur. Abadlıq işlərindən sonra burada belə bir genişlik yaranıb.

Prezident İlham Əliyev: Görürəm, bu əraziyə əl gəzdirilib.

Tahir Məmmədov: Biz indi fərdi şəkildə söhbət aparırıq ki, bütün bu məhəccərləri ərazidən götürək və ərazi bu cür açılsın. Arxada da çox qədim qəbirlər var, turistlər rahat keçib oraya da baxa bilsinlər. Buraya xaricdən çox turist gəlir və buranın energetikası üçün bu binaya toxunurlar, gəzirlər.

Cənab Prezident, gəldiyimiz bu yol əvvəlcə asfalt idi. Abidənin təxminən müəyyən hissəsi gördüyümüz hündürlükdə torpaqla örtülü idi. Biz avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və onun təlimatı əsasında bu işləri apardıq, Heydər Əliyev Fondunun dəstəyi ilə. Birinci təlimat bundan ibarət idi ki, biz abidəni sudan azad etməliyik və bura gördüyümüz səviyyəyə - abidənin bünövrəsindən də aşağıya qədər qazıldı.

Prezident İlham Əliyev: Qapının da bir hissəsini torpaq örtmüşdü.

Tahir Məmmədov: Bəli, örtmüşdü və çöldən sular içəri sızırdı və orada rütubət çox idi. Ona görə binanın tam konservasiyasına qədər təlimat üzrə üstünü belə örtülü saxlayacağıq. Konservasiya olunana qədər daşların içi qurumalıdır. Türbənin içi havalandırma sistemi ilə qurudulur. Binanın ətrafında torpaq uçqunlarının qarşısını almaq üçün istinad divarları hörüldü. Memarların təklifi ilə biz binanın eskizini turistlər üçün əyani olsun deyə səkkiz guşəli ulduz formasında yerə həkk etdik.

Prezident İlham Əliyev: Yəni, bu, binanın yuxarıdan görünüşüdür.

Tahir Məmmədov: Bəli, ortası da bu cür dairəvidir.

Mehriban Əliyeva: Yəqin ki, bərpa davam edəcək?

Tahir Məmmədov: Bəli, konservasiya davam edəcək. Daşlar quru olmadığına görə hələ içərisini bərpa etməmişik.

Mehriban Əliyeva: Quruyandan sonra iş davam edəcək?

Tahir Məmmədov: Bəli, davam edəcək.

Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bu baxımdan Şamaxıda Şahxəndan türbəsinin ətrafında geniş abadlıq işlərinin aparılması da xüsusi əhəmiyyəti ilə seçilir. Yaxın vaxtlarda isə abidənin konservasiyasına başlanacaq.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.