Prezident və birinci xanım modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər - FOTOLENT
07.05.2020

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Visiontv.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.