Prezident kürsüsündə Putini, Narışkin əvəz edəcək-politoloq Ərtəstun Oruclu
09.07.2020

Kremlə yaxın jurnalistlər və ekspertlər artıq Rusiyada hakimiyyətin, daha doğrusu onun fasadının dəyişəcəyi anonsunu verməkdədilər. Bütün mülahizələr də ona yönəlib ki, prezident kürsüsündə Vladimir Putini Sergey Narışkin əvəz edəcək.

"Piter klanının" üzvü olan, Rusiya hakimiyyət ierarxiyasında Dövlət Dumasının sədri, Prezident Administrasiyasının rəhbəri kimi vəzifələr tutmuş 65 yaşlı Sergey Narışkin hal-hazırda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorudur.

Narışkinin prezident gətiriləcəyi halda bu, Rusiyanın xarici siyasət vektorunun gücləndirilməsi demək olacaq. Bir sıra rus ekspertlər də elə bunu iddia edirlər ki, Rusiya daxili sabitliyə repressiyalarla və həm də öz xarici təsirini gücləndirməklə nail olmağa çalışacaq.
Xarici düşmən xofu üzərində qurulmuş və dünyanın özü qədər köhnə taktikadır. Bəli, taktikadır, starategiya isə hələ də görünmür. Kremlin siyasətini tənqid edən rusiyalı ekspertlər də məhz bu səbəbdən seçilmiş siyasi doktrinanın uğursuzluqla nəticələnəciyini proqnozlaşdırırlar.
Bunlar Rusiyanın daxili işləridir, amma hamısının bizə də birbaşa təsiri olacaq. Rusiyanın xarici siyasətdə uğur qazanacağı da belə asan görünmür. Ukraynaya müdaxilə səbəbindən sanksiyalar altında olan Moskvanın Qərb cinahında yaxın zamanda ciddi uğur qazana biləcəyi inandırıcı deyil.
Digər tərəfdən də Suriya və Liviya cəbhələrində hələlik ciddi irəliləyişə nail ola bilməyən Moskva yəqin ki, əsas gücünü ilk növbədə postsovet məkana yönəldəcək. Bunun isə Azərbaycan da daxil bütün postsovet ölkələr üçün nə demək olduğunun məncə xüsusi izaha ehtiyacı yoxdur.
Yalnız postsovet məkanda möhkəmləndikdən sonra Rusiya xarici siyasətinin prioritet hədəflərindən olan Yaxın Şərqdə geniş miqyasda təmsil oluna bilər. Amma bunun üçün də ona təkcə postsovet ölkələri ram etmək yetərli olmayacaq. Bu yolda ən çətin məsələ Rusiyanın ənənəvi "əziz düşməni" İranla dil tapmaq olacaq.

İran isə bütün sosial-iqtisadi problemlərinə və beynəlxalq sanksiya və təzyiqlərə rəğmən yetərincə çevik xarici siyasət yürüdə bilir. Deməli, Rusiya İrana elə təklif verməlidir ki, ondan imtina etmək mümkün olmasın. Bu, təklif nə ola bilər? Bu, suala ən sadə cavab nüvə silahı yaratmağa dəstək olardı.
Amma burda da bir neçə incə məqam var: əvvəla, nüvə silahına malik olan İranın Yaxın Şərq bölgəsinə iddiaları və təsiri də artacaq. Bu isə məntiqlə

Rusiyanın planlarına daxil olmamalıdır. Eyni zamanda, İranla nüvə silahı sahəsində əməkdaşlıq Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları və təzyiqləri bir qədər də sətrləşdirə bilər.

Digər tərəfdən isə İranı özündən uzaqlaşdırmaqla Rusiya ilk baxışdan az qala qeyri-mümkün görünən Ankara-Tehran əməkdaşlığına impuls verə bilər. Bu halda isə Yaxın Şərqin qapıları uzun müddətə Rusiyanın üzünə bağlanmış olardı.
Odur ki, Yaxın Şərq siyasətini yürütmək də Rusiya üçün bir o qədər asan olmayacaq. Amma bunu da unutmayaq ki, Rusiyanın bölgənin Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlərilə də müəyyən ortaq maraqları var ki, bu da ona əlavə manevr imkanları yarada bilər.
Bütün bunların nəticəsində Yaxın Şərq bölgəsində indiyədək görünməmiş hərbi-siyasi əməkdaşlıq formatları üzə çıxa bilər ki, bu halda da daha çevik hərəkət edən daha çox uğur qazanacaq.

Təbii ki, bu, həm də Yaxın Şərq "qazanının" hələ uzun müddət qaynayacağını deməyə əsas verir.

Visiontv.az