Prezident ilk iclasda deputatlara bunları TAPŞIRDI
10.03.2020

Bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda çıxış edən Prezident altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə deputatları təbrik edib.

Prezident beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib və altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib:

İlham Əliyev vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlət başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.

İlham Əliyev Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb.