Prezident İlham Əliyev: “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir”
14.11.2019

“Tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində Azərbaycan dövləti öz səylərini əsirgəmir”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilib və ya yenidən tikilib: “Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var. Müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik, öz dinimizi təbliğ edirik. Eyni zamanda Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir. Ölkəmizdə çox gözəl ictimai abı-hava var”.

Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatlar, eyni zamanda dünya dini liderləri Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirir: “Azərbaycana bir neçə dəfə səfər etmiş Zati Müqəddəsləri Moskva və Ümumrusiya patriarxı Kirill, Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər dəfələrlə Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında öz sözlərini deyiblər. Bu sözlər, yüksək qiymət bizim üçün çox dəyərlidir və reallığı əks etdirir”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan öz inkişafını, öz gələcəyini milli köklər üzərində quran ölkədir: “Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli, vətənpərvər ruhda, eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zivə Görüşünün mövzularından biri də bu olacaq. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır. Bizim üçün yad olan, milli təfəkkürümüzə yad yeni dırnaqarası dəyərlər aşılanır. Biz özümüzü, xüsusilə gənc nəsli bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə ənənəvi, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Bu istiqamətdə Azərbaycanda həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət çox böyük qiymətə layiqdir”.