Pasinyanı hakimiyyətə gətirənlər ondan mövqeyini konkretləşməsini tələb edirlər
Pasinyanı hakimiyyətə gətirənlər ondan mövqeyini konkretləşməsini tələb edirlər
11.06.2022 Sahib Alıyev Tərəfindən

İnternetdə qarşıma çıxan bir videoda Rusiya Prezidenti Putinin küçə söyüşləri ilə təhqir olunduğunu, həmən ölkənin xarici işlər naziri Sergey Lavrovun plakatının altından isə “suka” yazıldığını görəndə elə bildim o, Ukraynada çəkilib.

Çünki məhz torpaqları işğal edilən Ukraynada Vladimir Putin eyni sözlərlə təhqir olunur, əsir götürülən rus əsgərlərinə də dövlət başçılarını o cür söydürürlər. Amma az keçməmiş anladım ki, söyüş və təhqir aksiyası İrəvanda keçirilir, üstəlik də Rusiya xarici işlər nazirinin Ermənistana səfərinə “həsr olunub”.

Açığını deyim ki, heç təəccüblənmədim. Ona görə ki,  Ermənistanda da əhalinin müəyyən hissəsi, özəlliklə də gənclər ölkələrinin Rusiyanın işğalı altında olduğu fikrindədirlər. Və bundan da narazılıqlarını bildirmələri birinci dəfə deyil. Hələ Serjik Sərkisyanın prezidentliyi dönəmində Ermənistanda eneri daşıyıcılarının  qiymətləri qaldırılanda orada Rusiya əleyhinə aksiyalar keçirilmişdi və onu təşkil edənlərdən biri hakimiyyət özü, digəri isə Nikol Paşinyanla komandasındakılar idi.  

Serjik bu yolla Rusiyaya təzyiq etmək istəyirdi ki, Ermənistana satdığı yanacağın qiymətini qaldırmasın. Nikol Paşinyanla digərləri isə soroscanlıq edir, öz oyunlarını oynayırdılar. 

İndi keçirilən söyş və təhqir dolu etiraz aksiyasının da arxasında çox güman ki, Paşinyan, yaxud da onun komandasındakılar, məsələn, Kərəmyan durur.  

Niyə? Xatırladım ki, ötən ay Litva və Çernoqoriyanın prezidentləri Ermənistanda səfərdəykən Köçəryan-Sərkisyan cütlüyünün tərəfdarları onların Paşinyanla görüşlərinə maneçilik törətməyə çalışırdılar. Səbəb də bu gətirilirdi ki, “təslimçi Paşinyan legitim deyil”, ona görə də başqa dövlətlərin rəsmiləri onunla görüşüb danışıqlar apara bilməzlər. Amma həmən Paşinyan Litva və Çernoqoriyanın dövlət başçılarından sonra Rusiya Dumasının sədri Volodinlə görüşəndə etirazçılar səslərini çıxarmadılar.  

Rusiyaya bağlı etirazçıların bu fərqli davranışlarından belə anlaşıldı ki, Moskva onları hərəkətə gətirməklə Paşinyana həddini göstərir. Yəni ona çatdırılır ki, Brüsseldə nəticəli danışıqlar apara, seymi Rusiyanı “terorçu ölkə” elan edən Litvanın Prezidenti ilə görüşə bilməz.  Rusiyanın 4 diplomatını qovan, Moskvanın xəbərdarlıqlarına baxmayaraq qərbin tətbiq etdiyi sanksiyalara qoşulan Çernoqoriyanın dövlət başçısı atılan bu addımlardan az sonra heç nə olmamış kimi onun forpostuna gəlməməlidir. Bir sözlə, Paşinyan “DNR” və “LNR”-in başında duranlar kimi ancaq və ancaq Kremlin tapşırığıyla durub-oturmalıdır.  

Paşinyan isə bunu etmək istəmir. Həm də o səbəbdən etmək istəmir ki, onu hakimiyyətə gətirənlər artıq mövqeyinin konkretləşməsini tələb edirlər. Bir sözlə, Ermənistan da yavaş-yavaş Qərblə Rusiya arasında qarşıdurma plasdarımına çevrilir. Ukraynada Putin necə təhqir olunursa, Ermənistanda da o sayaq söyülməsinin özü də elə bunun bir əlamətidir. Və həm də onun əlamətidir ki, Paşinyan Lavrovla görüşdə Rusiyanı “streteji tərəfdaş”, “müttəfiq”  adlandırsa da, əlacı olsa, həmən sözləri dünənki aksiyadkı söyüş və təhqirlə əvəzləyərdi.

Təbii ki, bu, rusiyadakılara da bəllidir. Rusiya da 44 günlük savaş zamanı Paşinyanı, yaxud da hayları çox sevdiyindən Ermənistana “tikinti materialı” və “humanitar yardım” göndərmirdi. Xankəndindəki hərbi kontingenti də oradakılara görə orada deyil, oraya görə oradadır.  

Yeri gəlmişkən, dünən Ermənistandakına bənzər aksiya MDB üzvü olan başqa bir ölkədə keçirilsəydi və orada Rusiya Prezidenti o cür təhqir edilsəydi, Solovyovla ona bənzərlərin haray-həşirlərindən qulaq tutulardı. Amma indi susurlar. Hələlik susurlar.  

P.S. Rusiyanın Xarici İşlər Nazirliyinin Sergey Lavrovun İrəvanda Fərruxla bağlı dediyi fikirləri çox operativcəsinə dəyişməsinə, Ria Novosti agentliyinin Xankəndindəki bir yapalaqdan götürdüyü intervünü bu gün saytından silməsinə gəldikdə bunların Ermənistandakı söyüş və təhqir aksiyasıyla heç bir əlaqəsi yoxdur.

Əgər bir ölkədə oturuşmuş dövlət qurulubsa, o, müstəqil siyasət yeritməyi bacarırsa, qüdrətli lideri, ləyaqətli xalqı varsa, onda maraqlarını Ermənistandakı kimi söyüş və təhqirlə yox, qətiyyətli, prinsipial mövqe ortaya qoymaqla təmin edir ki, son iki fakt məhz onun göstəricisidir

Millət vəkili Sahib Alıyev

Visiontv.az