“Park Bulvar”da TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib
03.08.2021

COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir.

Visiontv.az xəbər verir ki, “Azersun”dan “APA-Economics”ə verilən məlumata görə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir. Park Bulvar Alış-veriş Mərkəzində (AVM) TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər.

Məlumata görə, vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.