Pandemiyalar dünyanı necə dəyişdi? - ARAŞDIRMA
23.04.2020

Yaşamın həmişə işlək, yaxşı qaydası var: əgər ətrafınızda baş verənlər sizə xaos təsiri bağışlayırsa, onda geriyə addım atın, sizi həyıcanlandıran informasiya axınından çıxın, kənara çəkilin və yaşananları maksimal dərəcədə bütöv müşahidə edin.

Visiontv.az xəbər verir ki, indi dünyadakı koronavirus pandemiyası bizə cavablardan daha çox suallar təqdim edəndə, dünya mediasının əsas sloqanının isə "Koronavirusdan sonra dünya əvvəlki təki olmayacaq" şüarına çevrildiyi halda, gəlin məhz belə addım ataq.

Beləliklə, qısamüddətli olsa da, hər yanımızdakı informasiya xaosundan çıxaq və dünya tarixinə nəzər salaq. Daha doğrusu, o dönəmlərə ki, bəşəriyyət, gerçəkdən də, dünya miqyasındakı epidemiyalara məruz qalmışdı.

Əslində, belə epidemiyalar və ya pandemiyalar çox olmayıb. Dəqiq olsaq, dünyanı kökündən dəyişən cəmi iki əsl unikal pandemiya olub.

Onlardan biri "Yustinian vəbası"dır. 6-cı əsrdə bu vəba Şərqi Roma imperiyasının məzarını qazdı, onun hücumlarına və ilhaqlarına son qoydu.

"Qara ölüm" isə xristian Avropasını haldan saldı, İntibah və Reformasiyanın əsasını qoydu.

Digər mühüm faktları diqqətdən kənar saxlasaq, simvolik mənzərə tam olmaz, fikrimcə.

İmperator Qay Yuli Sezarın qətlindən sonra yaşanan vəhşətli hadisələr və olaylardan ibarət "Roma məşhəri" az qala Romanın məhvinə səbəb olmaqla yanaşı, çox geniş miqyaslı pandemiya ilə sonuclandı.

... 535-ci il. Qışın anomal soyuq keçməsi nəticəsində quraqlıq yaşanır və Bizansda taxıl çatışmır. İmperiyaya buğda Afrikadan gətirilir. Həmin buğda ilə bahəm, gəmilər Bizansa siçovulları da gətirirlər ki, məhz bu gəmiricilər vəbanın mənbəyi olacaqdılar.

Misirdəki Peluzi şəhərinin (indi yoxdur) ocağı olduğu şübhə doğurmayan vəba beləcə Bizansa adlayır, oradan da dünyaya yayılır.

Avropa, Asiya və Afrikada 75 milyon insan öldü. Onların 4/5 hissəsi Asiyanın payına düşürdü.  Sadəcə, Konstantinopol şəhərində hər iki sakindən biri vəbadan öldü.

Pandemiyanın sonucları çox böyüukdü. İlk əvvəl insanların seyrək yaşadığı Ərəbistan yarımadası "dirçəldi". Oradakı demoqrafik artım Bizans imperiyasının Yaxın Şərq və Afrikadakı vəbadan zəifləmiş ərazilərinin ərəblərin əlinə keçməsi ilə müşayiət olundu.

542-ci ildə Konstantinopol vəbada qıvrılarkən dağıdıcı zəlzələ yaşadı. Konstantinopoldan tutmuş, İsgəndəriyyəyə qədər güclü tektonik fəallıq 557-ci ilədək davam etdi.

558-ci ildə vəba Konstantinopola qayıtdı, üç il sonra isə Bizansda böyük quraqlıq və üsyanlar yaşandı.

Misir, Efiopiya, Yunanıstan, Antioxiya, İtaliya, Qalliya, Almaniya, İngilətərədə tüğyan edən vəba hər gün minlərlə insanın ölümünə səbəb olurdu.

Konstantinopolda bu rəqəm gündə 5 min nəfər idi.

İmperator Yustinianın vəfat etdiyi 565-ci ildə vəba daha da şiddətlənmişdi.

"Yustinian vəbası" olmadan 7-ci əsrdə ərəb fəthləri də olmazdı. Vəbanın ifrat zəiflətdiyi Bizans haldan düşdüyü üçün ərəblər Ərəbistan yarımadasından çıxdılar. Əks təqdirdə, onlar elə regional səviyyədə toplum olaraq qalacaqdılar.

Pandemiya həm də Roma İmperiyasının əvvəlki sərhədlərdə bərpası ilə bağlı imperator Yustinianın bütün səylərini puç etdi. Vəbadan bihal olmuş Bizans imperiyasında vergiləri əvvəlki səviyyədə (dirilər ölmüş qonşularının da vergilərini ödəməli idilər) əsl demoqrafik fəlakətə səbəb oldu, pandemiyanın fəsadlarını daha da ağırlaşdırdı.

Yustinianın yürütdüyü siyasətin bivecliyi, Bizans ordularının Qərbdə, Şərqdə və Cənubda məğlubiyyətləri imperatorun tarixin təkərini geri çevirmək cəhdlərinə nöqtə qoydu. Üstəlik, zəifləmiş Bizans sonrakı əsrlərdə müdafiəyə keçdi, cənubdan gələn ərəb ordularının qarşısında geri çəkildi.

Hadisələrin sadalanmasını çox davam etdirmək olar, amma aydın olan budur ki, "Yustinian vəbası" Avropanın və ümumiyyətlə, bütün dünyanın gələcəyini bəlirlədi.

Həmin pandemiyanı daha çox qurbanlara səbəb olmağına rəğmən o dönəmin Avropasında qüvvələr nisbətini dəyişə bilməyən "Qara ölüm"dən də fərqləndirən məhz budur.

"Sezarın qətlindən sonra tam bir il Günəş sönükdü, qızdırmırdı. Havada sanki ağırlıq və alatoran vardı. Vaxtından əvvəl çiçək açmış taxıl quruyur və soyuqdan məhv olurdu", - Plutarx yazırdı.

Bununla bahəm, Romaya fəlakətlər gəldi. Bəd işlərin "xəbərçisi" sayılan və romalıları xoflandıran kometadan sonra dəhşətli daşqınlar oldu. Venera məbədinədək qalxmış su on minlərlə romalını evsiz-eşiksiz qoydu. Daşqınlardan sonra aclıq, sonra da vəba...

Məşhərin sonuncu, dördüncü süvarisi isə imperiyanı 20 il müddətinə qanlı xaosa qərq etmiş vətəndaş savaşı oldu. Romanı bu bəladan Oktavian Avqustun dühası çıxardı.

Roma yenidən doğuldu və bu doğuş yeni, işıqlı dövrün əvvəli kimi anlaşıldı.

Tarixdə başqa, çox adamın bilmədiyi pandemiya da olub. Yəhudilərin Əhd Sandığını filistimlilər ələ keçirəndən sonra onları vəba vurmuşdu. Filistimlilər Əhd Sandığını Azot şəhərinə apardılar, az sonra o şəhərdə vəba başlandı.

Sandıq Gef şəhərinə göndərildi, orada da vəba tüğyan etidi. Beləcə, filistimlilərin şəhərlərini viran qoyan vəba Əhd Sandığının arxasınca hərəkət edirdi. Sonucda dəhşətə gələn filistimlilər Əhd Sandığını arabaya qoyaraq levitlərə, yəni israillilərə göndərdilər.

Amma vəba onları da vurdu və Vesami şəhərində 50 min nəfər epidemiyadan öldü.

Çox yəqin, bu hadisələrin sonrakı interpretasiyası vəbaya xüsusi mistika çalarları verdi və yəhudilər də o epidemiyanı "Yaradanın istəyi, İsrailin taleyini təyin edən olay" kimi qəbul etməyə başladılar.

"Yustinian vəbası" tam 50 il davam etdi və insanlarda psixoz yaratdı.

Pandemiya dönəmindəki insanlarda ümidsizlik, qorxu, mənəvi yasaqların itirilməsi müşahidə olunurdu.

Vəba Bizans imperiyasının belini qırdı. 6-cı əsrdə yaşamış suriyalı tarixçi Efesli İoannın yazdığına görə, epidemiya zamanı xristianlar dinlərindən dönür, bütpərəstliyə qapılırdılar.

Vəba Bizansı uğurlu ilhaq və işğal savaşlarının ən əlverişli dönəmində, Qədim Romanın qüdrətini bərpa edə biləcəyi zaman vurdu.

Beləcə, pandemiya tarixin təkərini geri fırlatdı, xristianlığın bəşəri yayılması dayandı.

Ərəb xilafətinin aramsız hücumları nəticəsində 7-ci əsrdə Bizans imperiyası kiçik Şərq ölkəsinə çevrildi və beləcə, tam 750 il yaşadı.

Xristian aləminin mərkəzi Qərbə keçdi. 11-ci əsrdə Müqəddəs Roma imperiyasının bir hissəsi "Qaranlıq əsrlər"in böhranından özünə gələrək passionarlığının zirvə nöqtəsinə çatdı və səlib yürüşlərinə başladı. Bir sıra faciəvi uğursuzluqlara rəğmən xristian Qərbin tükənməyən qüdrətini yalnız "Qara ölüm" adlanan vəba pandemiyası darmadağın etdi. 1346-1353-cü illərdə tüğyan etmiş epidemiya o dönəmdəki xristian dünyasında hər 4 nəfərdən 3-nün ölümünə səbəb oldu.

"Qara ölüm"ün səbəbləri hələ də bəlli deyil. Ağır xəstəliklərin yaradıcısı olan mikroblar dayanıqlı deyil və onların yaratdıqları epidemiyalar sürətlə səngiyir. Məsələn, bəllidir ki, bubon taunu təbii ocaqlarından kənar çıxmır. Yəni belə fəlakətli epidemiyalar çoxsaylı amillərin bir yerdə cəmləşməsini tələb edən "eksklüziv" məsələdir. Üstəlik, siçovul, birə və ya bitlərin populyasiyaların daimi miqrasiyaları kimi mobil kamil də olmalıdır ki, pandemiyanın közərən tonqalına odun atsın.

O dönəmdəki avropalılar vəbanın süni mənşəyinə əmindilər və Mavritaniya krallarını, türk sultanlarını və yerli yəhudiləri suçlayırdılar.

Məhz bu səbəbdən Avropa ölkələrində yəhudilərə divan tutulmağa başlanmışdı.

"Qara ölüm"ün əsas sonucu Avropada insanların azalması yox, bütpərəst təriqətlərin, katolikliyə meydan oxuyan təlimlərin və çoxlu esxalotik gözləntilərin artması oldu.

Məhz onların sayəsində bir əsr sonra Reformasiya başlanacaqdı.

Digər sonuc isə zəifləmiş Avropaya Osmanlı Türkiyəsinin genişmiqyaslı hücumu, habelə Avropadakı pullu aristokratiyanın radikal dəyişikliklərə məruz qalması oldu. Belə ki, Florensiyanın bankir ailələrinin şəksiz hakimiyyətinin sonu çatdı. Katolik bankirlərin yerlərini yeni tipli sələmçilər tutdular.

Onlar da bir əsr sonra kapitalizmin bünövrəsini qoyacaqdılar.

milli.az