Pakistan xalqı çətin durumdadır: Təklif edirəm qardaş xalqa yardım məqsədilə xüsusi bank hesabları açılsın
Pakistan xalqı çətin durumdadır: Təklif edirəm qardaş xalqa yardım məqsədilə xüsusi bank hesabları açılsın
29.08.2022 Nəsib Məhəməliyev Tərəfindən

Qardaş ölkə Pakistan dəhşətli sel fəlakətinə məruz qalmışdır.1000-dən artıq insan həlak olmuş, 33 milyondan artıq insan isə, sel təhlükələrini yaşamaqdadır. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, Pakistan xalqına baş sağlığı verirəm. Baş nazir Şərif beynəlxalq birliyə yardım üçün müraciət etmişdir.

Azərbaycan xalqı, hər zaman yardıma ehtiyacı olanların, məzlumların yanında olmuşdur. Prezident İlham Əliyevin Pandemiya ilə, qonşu, dost ölkələrdə baş vermiş texnogen hadisələrlə bağlı mübarizədə, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi humanitar layihələr, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev” fondunun sosial layihələri beynəlxalq birlik tərəfindən yüksək səviyyədə qiymətləndirilmiş, ölkəmizə çoxsaylı dostlar qazandırmışdır.

Bu gün Pakistan xalqı çətin durumdadır. Düşünürəm ki, bizlər xalq olaraq onların yanında olmalı, dəstəyimizi göstərməliyik. 44 günlük haqqlı davamızın hər günü Pakistan Baş naziri, Azərbaycanın yaxın dostu İmran Xanın, Pakistan xalqının dəstəyini gördük.

Ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiyanın təhlükəsizlik sistemini təhlil etdikdə, Pakistan kimi dövlətin yanımızda olması son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, son zamanlar cənub qonşumuzun ölkəmizə yönəlik düşmənçiliyinin açıq müstəviyə keçməsi fonunda, Pakistanın ciddi neytrallaşdırıcı faktorlardan biridir.

Təklif edirəm ki, Pakistanda sel-sularından əziyyət çəkən insanlara yardım məqsədilə xüsusi bank hesabları açılsın. Az-çox fərq etməz, kimin nəyə gücü çatırsa, vətəndaşlarımız bu aksiyaya qoşulsun. Əsas odur ki, qardaş xalqlar bilməlidirlər ki, onlar tək deyil.

Kütləvi informasiya vasitələrindən, Qeyri hökumət təşkilatlarından rica edirəm ki, daha çox insanın məlumatlanması üçün informasiya dəstəyi göstərsinlər.

Millət vəkili Nəsib Məhəməliyev

visiontv.az