Oruc tutmuş iqtisadiyyat- Həsən Rəhimli yazır
19.05.2020

Ramazan ayının gəlişi ilə inanclı bir insanın iqtisadi davranışında yaranan dəyişikliklər, xüsusən islam etiqadlı ölkələrin iqtisadiyyatlarında müəyyən təsirlər yaradır. Görəsən tibbi-sağlamlıq, psixoloji və ən əsası ruhi-mənəvi yüksəlişə səbəb olan Ramazan ayı iqtisadiyyata necə təsir edir? İqtisadi və psixoloji tədqiqatlara əsaslanaraq deyə bilərik ki, oruc tutmuş iqtisadiyyatın əlamətləri aşağıdakılardır:

1. İqtisadi artım və iqtisadi fəallıq zəifləyir.

Ramazan ayında müsəlmanların ibadətə, bu ayın bərəkətlərindən bəhrələnməyə və keçmiş günahlarından təmizlənməyə daha çox diqqət ayırmaları səbəbindən iqtisadi fəaliyyətlərin yavaşlaması müşahidə edilir. İqtisadçı tədqiqatlar göstərir ki, Ramazan ayında həm istehsal həcmi, həm də ticarət dövriyyəsi aşağı düşür. İnanclı insanlar, xüsusilə mühafizəkar çevrələr böyük məbləğli alış-veriş işləri həyata keçirmirlər. Bəzi tədqiqatlar göstərir ki, ramazan ayında, xüsusilə, ət və süd məhsullarının qiyməti qalxır və bu artım qalıcı xarakterli olur.

2. İnflyasiya azalır.

Qeyd etdiyimiz kimi, Ramazan ayında iqtisadi aktivlik azalır. Bu isə öz əksini qiymətlərin azalmasında göstərir. İqtisadçı ekspertlər qeyd edir ki, Ramazan ayında əhali, xüsusilə, daşınmaz əmlak, avtomobil və bu kimi iri ölçülü lüks mal və xidmətlərin satın alınmasına maraq göstərmirlər. Bu isə həmin ayda daşınmaz əmlak bazarında qiymətlərin enməsinə səbəb olur. Həmçinin, Ramazan ayında müsəlman toplumlarında toylar və bahalı ziyafətlər xeyli azaldığı üçün lazımsız xərclər və ucuz şöhrət üçün populist xərclər də azalır. Belə tədbirlərin azalması xidmət tələbini xeyli aşağı salır. Qiymətlər aşağı düşür. Ailə büdcələri daha balanslı hala gəlir.

3. Rifah artır.

İqtisadçı psixoloqlar qeyd edir ki, insanın rifah səviyyəsi subyektivdir və bu səbəbdən də xarici amillərdən (gəlir, xərc, istehlak) daha çox daxili amillərdən (inanc, mənəvi durum, iradənin güclənməsi, daxili aramlıq, hüzur, razılıq, həyatdan məmnunluq) asılıdır. İqtisadi və sosioloji tədqiqatlar da sübut edir ki, Ramazan ayında insanların həyat məmnuniyyəti və psixoloji əhval-ruhiyyəsi çox yüksək olur. Çünki Ramazan ayı inanclı kəsimdə mənəvi tarazlıq halının yaranmasına səbəb olur. Ruhi-mənəvi tarazlıq isə mənəvi inkişafa, psixoloji tarazlığa və fərdi rifaha gətirib çıxarır.

Bəs görəsən oruc tutmağın iqtisadiyyatın səhhətinə təsirini nəzərə alan “iqtisadçı həkimlər” hansı qərarı verir?

Müsəlman dünyasında Ramazan ayının iqtisadi təsirləri ilə bağlı müşahidə edilən faktlara əsaslanaraq tarixən fərqli yanaşmalar da olmuşdur. Tarixə məşhur olan Tunisin ilk prezidenti olan Həbib Burqibə 1964-cü ildə Ramazan ayında milli televiziyada bir stəkan portağal şirəsi içərək həmvətənlərinə, xalqın çox ehtiyac duyduğu iqtisadi inkişafa maneə olaraq gördüyü orucluqdan imtina etmələrini xahiş etdi. Həbib Burqibə hər il bir dəfə oruc tutanlara qarşı çıxaraq deyirdi: "Oruc tutmayın! Oruc tutmaqla fəhlələr zəifləyir, işdən soyuyurlar". Burqibə öz fikrini belə əsaslandırırdı: "İslam iş və zəhmətə böyük əhəmiyyət verdiyi üçün insan onu işdən soyudan bütün şeylərdən uzaq olmağa çalışmalıdır. Əksinə, insana qüvvət verən yemək və içməklərdən istifadə etməli və beləliklə, daha çox fəaliyyət göstərməlidir". Amma prezident Həbib Burqibənin fikri böyük etirazlara səbəb oldu.

Müasir islam sxolastikasının yaradıcılarından olan, Tehran Universitetinin “İlahiyyat və islam elmləri” fakultəsinin dekanı, professor Dr. Mürtəza Mütəhhəri Həbib Burqibənin fikrinə tənqid olaraq belə bir cavab vermişdir: "Həbib Burqibənin səhvi haradadır? O, insanı daim hərəkətdə olan maşın hesab edir. Belə ki, ondan nə qədər çox mümkündürsə bəhrələnməli və şəxsi mənafe naminə istifadə olunmalıdır. Oruc isə onun dediyi kimi, fəaliyyətinə maneəçilik törətdiyi üçün tutmamalıdır. O, bu həqiqəti dərk etməmişdir ki, həqiqi oruc tutan şəxsin gördüyü iş və çəkdiyi zəhmət, başqalarından on dəfə çoxdur. Oruc bəşər ruhunun mənəvi qidasıdır. Bizlərdən hər birimiz hazırda gün ərzində nə zaman və nə qədər qida məhsullarından istifadə edəcəyimizi əvvəlcədən müəyyən etdiyimiz bir şəraitdə yaşayırıq. Belə ki, cəmi bir gün bu sistem pozularsa, gördüyümüz bütün fiziki işlərdə çətinliklərlə qarşılaşmalı oluruq. Bəşərin dəyişilməz qanunu da budurmu? Xeyr! Tərtib etdiyimiz və hal-hazırda onun əsasında yaşadığımız həyat tərzi bizi nəfsimizin köləsinə çevirmişdir. Lakin əgər insan öz həyat tərzini dəyişib, özünü yediyinin yarısına adət etdirsə, gündəlik fəaliyyətini iki dəfə artıra bilər. Belə ki, insan vərdiş etməklə, gün ərzində iki badam ləpəsi yeyib bir kilo yemək yeyən şəxsin gördüyü işləri yerinə yetirə bilər. Bəli, əgər insan öz həyat tərzini dəyişərsə, başqa bir əhval ruhiyyə tapmış olur”.

Sonda qeyd edək ki, Ramazan ayının ən yaxşı günlərindən biri də fitr günü (bayramı) hesab olunur. Gəlirlərdə bərabərsizliyinin hökm sürdüyü və yoxsullarla varlılar arasında böyük bir uçurumun olduğu müasir dünyada Ramazan ayının daha bir üstünlüyü gəlir səviyyəsini bölüşmək və bu paylaşmaqdan zövq alındığı mədəniyyəti bizlərə öyrətməsidir. Bu mənada Ramazan ayı yoxsulu anlamaq və digərlərinin halını düşünmə ayıdır.
Bütün bu qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ramazan ayında insanların daha çox mənəvi-ruhi və psixoloji ehtiyaclarının təmin olunmasına çalışması və maddi ehtiyaclarını azaltması bu ayın iqtisadiyyat üzərində yarada biləcəyi əsas təsirdir. Məhz bu təsir səbəbindən iqtisadi artım azalır, qiymətlər azalır, mənəvi və psixoloji rifah artır.