Ölkəmizin adına şərəf gətirənlər
09.07.2020

Salmanov Мirbəşir Mirsalman oğlu: “Biz “Azərbaycan” və “Azərbaycanlı” adını Rusiyada yaşayan millətlərə böyük hərflərlə, şərəflə tanıtdırmışıq.”

Salmanov Мirbəşir Mirsalman oğlu - Primorski vilayətinin Ussuriyski şəhərində fəaliyyət göstərən Azərbaycan “BİRLİK” diasporunun gənclər və idman təşkilatının sədri. Rusiyya federasiyyasının sərbəst güləş üzrə və Yunan-Roma güləşi üzrə (klassik) idman ustası, karatenin Kabudo növü üzrə qara kəmər ustası. Primorski vilayət Güləş idman federasiyasınınüzvü, Ussuriyski şəhərində karatenin Kabudo federasiyasının prezident müavini.

-Xahiş edirik oxucularımıza özünüz haqqında qısa məlumat verəsiniz.

-Cəlilabad rayonunda çoxuşaqlı ailədə doğulub tərbiyə almışam. Anam Gülcənnət Qəhrəman Ana olub, 12 övlad böyüdüb. Mən ailənin on ikinci övladı olmuşam. Atam Məşədi Mirsalman isə hamının böyük hörmət bəslədiyi zəhmətkeş və halal adam idi.

Cəlilabaddakı şəhər 1 saylı orta məktəbi 1993 –cü ildə bitirmişəm. Təhsil almaq üçün 1994-cü ildə Primorski vilayətinin Ussuriski şəhərinə qardaşım Mirfazilin yanına getmişəm. Universitetə daxil olub təhsil aldıqdan sonra həmin şəhərdə qalıb işləməyə başlamışam. Ailəliyəm, üç uşaq atasıyam.

Övladlarım universitetdə təhsil alırlar.

İdmançı olsam da, həmişə sadə və səmimi olmağa çalışıram. Ancaq düzgün olmayan şeylərə qarşı barışmazam, sərt insanam. Ailəmizdə mənə qədər heç kim professinal idmanla məşğul olmayıb. Hazırda yaşadığım şəhərdə fəaliyyət göstərən Azərbaycan “BİRLİK” diasporunun gənclər və idman təşkilatının sədriyəm. Rusiyya federasiyyasının sərbəst güləş üzrə və Yunan-Roma güləşi üzrə (klassik) idman ustası, karatenin Kabudo növü üzrə qara kəmər ustasıyam. Primorski vilayət Güləş idman federasiyasının üzvü, Ussuriyski şəhərində karatenin Kabudo federasiyasının prezident müaviniyəm.

-Sirr deyilsə, deyin görək sizdə idmana marağı kim oyadıb? Sizin idmanda ilk uğurlarınız necə başlayıb? Bunun üçün hansı idman müəllimlərinizə öz təşəkkürünüzü bildirmək istəyirsiniz.

-İdmana 8 yaşımdan marağım olub. Atam nəni idmana həvəsləndirib.İdmanının sərbəst güləş növü ilə uşaq yaşlarımdan məşğul olmağa başlamışam.

Güləşin sirlərini mənə Sakit müəllim öyrədib. Sonra idman ustası, Əməkdar məşqçi Ərəbxan müəllimin nəzarəti altında məşqlərimizə davam etdik.  Yeri gəlmişkən, mənim bir idmanşı kimi yetişməyimdə əməyi olan hər iki müəllimimə dərin minnətdarlığımı bildirirəm.

1988-ci ildə rayon birinciliyinin qalibi olmuşam. Ondan sonra Azərbaycanın müxtəlif bölgələrində keçirilən yarışlarda dəfələrlə qələbə çalmışam. 1994-cü ildən isə Rusiya Federasiyasının Primorski vilayətində keçirilən idman yarışlarında iştirak etmişəm. Beynəlxalq yarışların qalibi olmuşam. ÜmumRusiya çempionatlarının qalibi olandan sonra mənə Moskva Olimpia Komitəsi tərəfindən idman ustası adı verilib.Karatenin Kabudo növünün döyüş stili ilə 15 ilə yaxındır ki, məşğulam. Karatenin Kabudo növü üzrə Qara kəmər sahibiyəm.

-Siz prespektivli bir idmançı kimi rayonda nüfuz qazanmışdınız, müəllimləriniz sizinlə fəxr edirdi. Və bir gün sorasğınız qonşu Rusuya ölkəsindən gəldi.

Orada keçirilən idman yarışlarında dəfələrlə azərbaycan bayrağını yüksəklərə qaldırdınız. Orada yaşayan soydaşlarımıza sevinc yaşatdınız. Yaxşı olardı ki, vətəndən uzaqlarda qazandığınız idman nailiyyətləriniz barədə özünüz danışasınız.

- Qazandığım uğurlar çox olub. Onların hamısını xatırlamaq çox vaxt aparar. Amma daha vaciblərini qeyd eləmək olar. Komsomolsk şəhərində keçirilən yarışın final mərhələsində erməni güləşçisini 17 saniyə ərzində məğlub etmişəm. Vladivostok vilayətində keçirilən beynəlxalq yarışda Koreyadan gələn erməni güləşçini elə nokauta salmışam ki, o, yarışı davam etdirməkdən imtina edib. Mən bir azərbaycanlı kimi qürur duyuram ki, ermənilərə öz gücümüzü göstərmişəm, həmvətənlərimizə sevinc və fəxr bəxş eləmişəm. Buna görə də Allahıma şükürlər etmişəm ki, bunu mənə qismət eləyib.

-Bildiyimizə görə övladlarız da idmanla məşğul olurlar. Yəqin ki, onlar sizin şərəfli ömür yolunuzun davamı kimi idman sahəsində uğurlara imza atmaq istəyirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, övladlarım da idmanla ciddi məşğul olurlar. Oğlum Mirşəfi və qızım Müşərrəf karatenin Tekvando növü üzrə Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib olublar. Hər ikisi də Qara kəmər ustasıdır. Onlar, həm də Universitet də ali təhsil alırlar. Kiçik oğlum Mirmehdi də bu idman növü ilə məşğul olur.

Onun 9 yaşı olsa da, Primorski vilayətində təşkil olunan idman yarışlarında qələbələr qazanıb.

-İdman ustası və Qara kəmər sahibi olan bir veteran idmançı kimi gənc idmançılarımıza tövsiyyələriniz nədir? Onlara nə demək istərdin?
-Yaşadığımız şəhərdə tanınmış çoxlu Azərbaycanlı idmançısı var və bunlar hamısı mənim rəhbərlik etdiyim təşkilatın üzvləridirlər. Bu idmançılar arasında

Dünya və Avropa çempionları, Asiya və Rusiya çempionları, Beynəlxalq və Rusiya idman ustaları var. Gənc idmançılarımızla 5 idman növü üzrə bizim idmançı məşqçilərimiz məşğul olurlar. 2019-cu ilin “Ən yaxşı məşqçi” fəxri adını bizim həmyerlimiz, Cəlilabad torpağının yetişdirməsi 4-cü Dan Qara kəmər sahibi Hüseyn Əliyev qazanıb.

Onu da deyim ki, Rusiyada keçirilən mötəbər yarışlarda iştirak etmək üçün Azərbaycanın tanınmış idmançılarını da dəvət edirik. Dünya və Avropa çempionatlarının qalibləri olmuş Ramik Heybətovun və Musa Ağayevin də burdakı yarışlarda iştirakına yardımçı olmuşuq. Bundan başqa 2019-cu ilin noyabr ayında keçirilən ÜmumRusiya brinciliyində Azərbaycandan gələn 5 nəfər sərbəst güləşçimiz uğurla iştirak edibdir. Onlardan 2-si birinci yer, 2-si ikinci yer və 1-i üçüncü yerlə turniri başa vurublar. İdmançılarımız arasında sərbəst güləş üzrə Beynəlxalq yarışların və veteranlar arasında Dünya brinciliyinin qalibi, “Sərbəst güləş üzrə Əməkdar Məşqçi” Ceyhun Ağamalıyevin tələbəsi Orxan Qarayev də bu mötəbər yarışda yüksək yer tutub.

Güləşçi kimi tanınıb sevilən, bir idman zalında mənimlə birgə güləşin sirlərinə yiyələnən dostum Ceyhun müəlimə qəzetiniz vasitəsilə öz təşəkkürümü bildirmək istəyirəm ki, o, azərbaycanlı idmançıların Rusiyada keçirilən yarışlara göndərilməsinə yaxından köməklik göstərir.

Biz bu gün də Azərbaycanda olan idmançı dostlarımızla yaxından əlaqə saxlayırıq. İnşallah, gəlcəkdə də Rusiyada keçirilən yüksək səviyyəli yarışlara onları dəvət edəcəyik.

Doğma Vətənimizdən uzaqlarda olmağımıza baxmayaraq, biz “Azərbaycan” və “Azərbaycanlı” adını Rusiyada yaşayan millətlərə böyük hərflərlə, şərəflə tanıtdırmışıq. Buna görə də mən fəxr eləyirəm ki, idman mənim həyatımda var və mənim həyat simvolumdur. Davamçılarımız da Azərbaycanımızın adını şərə flə qoruyurlar.

Keşməkeşli ömür yolu keçmiş bir insan kimi gəldiyim qənaət budur ki, övladlarınızın düzgün tərbiyə olunub, sağlam böyümələrini istəyirsizsə, onlara bu üç şeyi öyrənmək də köməkçi olun. Allaha iman gətirib və dediklərinə əməl etmək, elm verib idmanla məşğul olmaq. Bu üç vacib məsələyə gənclərimiz əməl etsə onların gələcəyi parlaq olar, inşallah. Bu mənim şəxsi təcrübəmin nəticəsidir və mən çox istərdim ki, bu yolun davamçısı olasınız.

Sözümün sonunda üçrəngli bayrağımızı yüksəklərə ucaldan idmançılarımıza, məşqçi dostlarıma uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Hamınızı bağrıma basıb deyirəm: “Azərbaycanlıyam deməkdən heç vaxt çəkinməyin. Harda yaşamağınızdan asılı olmayaraq, bu adı qoruyun və övladlarınıza da bu adı qoruyub saxlamağı öyrədin. Allah hamınıza yar olsun!

-Vətəndən uzaqlarda olsalar da, Vətənlə nəfəs alan soydaşlarımız doğma Azərbaycanımızı ləyaqətlə təmsil edirlər. Qazandıqları uğurlarla ölkəmizin adına şərəf gətirirlər. Biz yüksək tribunalarda himnimizi səsləndirən, bayrağımızı ucaldan soydaşlarımızla fəxr edirik, qürur duyuruq. Tanrı sizi qorusun.

Həmişə xoş sorağınız gəlsin!

Ədalət Salman

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Visiontv.az