Müharibənin ən çətin dövrü irəlidədir - Azər Qasımov
21.10.2020

Əsas müharibə indi başlayır. Qubadlı, Ağdərə, Xocavənd alınacaq, bundan şübhə yoxdur. Böyük ehtimalla Şuşa və Xankəndi də alınacaq, amma Moskvanın oyuna girməsi artıq başlayır. Rusiya Qarabağ ərazisində müəyyən bir hissəni əldə saxlamaq üçün mütləq şərtlər irəli sürəcək və öz qoşunlarının iri bir kontingentinin bu əraziyə yerləşdirməsini təmin etmək istəyəcək. Əsas məsələ də bundan sonra başlayacaq.

Bizim masada bunlara razılıq verməyimiz durumunda Irəvan sülh müqaviləsini imzalayacaq, əks halda isə oyunun ən təhlükəli hissəsi başlayacaq.

Rusiyanın bu günə kimi neytral görüntü göstərməsi artıq açıq təzyiqə keçə bilər və hətta 102-ci diviziyanın sərhəddə yeridilməsi başlaya bilər, hansı ki, artıq cənub sərhədləri boyu Zəngilan, Qubadlı istiqamətində yerləşdirildiyi xəbərləri gəlir. Bu, hələ ki, qorxulu deyil.

Azərbaycan bu durumda Türkiyənin köməyinə mütləq müraciət etməli və danışıqlara Türkiyənin də qatılmasını tələb etməlidir. Bu baxımdan elə etməliyik ki, sahədə qazandığımızı masada itirməyək.

Rusiya çalışacaq ki, Qarabağa hansısa status verilsin və erməni bu regionda mütləq qalsın. Bu, gələcək münaqişələrin toxumu kimi Moskvaya lazımdır, həmçinin Ermənistana. Bu təcrübəni artıq biz bildiyimizdən bunun qarşısını almaq üçün Türkiyə ilə birgə fəaliyyətimizi indidən gücləndirməliyik.

Visiontv.az