Mühacirlərimiz ölkəmizin imicindən şikayətçidir-Siyasi ekspert Mirzə Rəşad Bakuvi
07.09.2020

"Öz çəpərim, öz başım" virusu ilə yaşayan azərbaycalılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?

"Google"da Azərbaycanın imicini kim korlayır?

Baxıram, ABŞ-da, Avropada işləyən, müəllimlik edən, elmlə məşğul olan, biznesmen, tələbə olan, avaralıq edən həmvətənlərimiz şikayət edirlər ki, bəs bizim ölkəmizin imici pisdir. Ölkəmiz çox az tanınır, tanıyanların yaddaşında da çox pis örnəklərlə yadda qalıb.

Birlikdə yaşadıqları fərqli millətlərin nümayəndələri soruşanda xəcalət çəkirik danışmağa. Düzdür, görüb, sevib bəyənənlər də var, ölkədəki son illərdə yaradılmış bərbəzəkdən gözü qamaşan da az deyil. Ancaq onlar da biləndə ki, bəs bu, yalnız ilğımdır, müsbət fikirlərində yanıldıqlarına məyus olurlar. Çünki amerikalı üçün də, avropalı üçün də taxtapuşun altında nimdaş paltarında ömür sürmək, amma və lakin İNSAN kimi yaşamaq ən üst səviyyə sayılır. Vətəndaşın təhsilli, mədəni, ləyaqətli, ədalətli cəmiyyətdə insanca yaşaması, onun gündəlik yaşayışına zərrə qədər təsir etməyən bərbəzəkdən, parıldayan küçələrdən, göz qamaşdıran abadlıqdan daha üstündür! Bu, olsa-olsa, həmin adamda estetik psixoloji bir zövq yaşada bilər, gözün qidası deyək, başqa heçnə. Qarnı ac, haqqı tapdanmış adam kor olmağı sözügedən zövqdən üstün qılır indiki çətin zamanda. Bu estetik psixoloji zövqə pəpə düşmür, insanı isə daha çox pəpə, ona əlçatanlığın nə qədər rahat olub-olmaması, adam kimi yaşaması, təhsili, işləməsi, qazancı, səhiyyəsi, sığortası, istirahəti, sosial-mənəvi rahatlığı düşündürür...

Qatılıram ki, yüz ildir bizimlə düşmənçilik edən ermənilərin də xalqımız və ölkəmiz haqqında mənfi rəyin formalaşmasında az çabası olmayıb. Elə indinin özündə də bu tendensiya davam edir. Bu mənfur millətin informasiya maşını, demək olar, hər gün bizim əleyhimizə yalanlar, hədyanlar, şər və böhtan istehsal etməklə məşğuldur. Ancaq razılaşaq ki, çox təəssüf acı həqiqətlərimiz də az deyil axı. Bəs yaxşı, biz bunun qarşılığında nə edə bilirik? "Google" axtarış sistemində "Azerbaijan", "azerbaijani" yazıb axtarış verəndə, orada ölkəmizlə bağlı daha çox pis həqiqətlərin, informasiyaların çıxmasının qarşısını necə ala bilirik?

İnsan haqlarının pisləşməsi, artıq acı bağırsağa çevrilmiş siyasi məhbuslar məsələsi, rüşvətxorluq, korrupsiya faktları, ədalətsiz məhkəmə qərarları, insan dəyərinin öz prioritetini itirməsi, təhsilin, səhiyyənin zəifliyi, sığorta sisteminin olmaması, bu qədər zənginliklər içində əhalinin kasıbçılıqla üz-üzə qalması, media üzərində təzyiqlər, investisiya mühitinin bərbad olması və bu kimi minlərlə informasiya axtarış zamanı önə çıxan mənfi xəbərlərdir. Əlbəttə ki, bütün bunlarda da erməniləri günahkar çıxarmağımız ədalətli olmaz.

Problem hələ nə olduğu, nəyə xidmət etdiyi anlaşılmayan, Qərb siyasilərini də çaş-baş salan  idarəetmə sistemidir! Bir də, fərqi yoxdur, ölkə içində və çölündə yaşayan Azərbaycan insanının sivil qaydada siyasiləşə bilməməsi, siyasətlə doğmalaşmaması, siyasətə XOXAN kimi baxması, içindəki qorxuları yenə bilməməsi, həyatına və gələcəyinə laqeydliyi və cinayətkarcasına biganəliyi əsas əngəllərdəndir.

Daha çox da, günahı, bu mənada şikayətlənən ABŞ, Avropa, qlobal yanaşsaq, dünya azərbaycanlılarının lümpenliyi, yenə "öz çəpərim öz başım", "məndən ötsün qardaşıma dəysin" biganəliyi, vecsizliyi, işgörməzliyində axtaraq. Görüm, kim ilk addımı atacaq fürsətcilliyində axtaraq. Bu həyat - səhər dur, ye, iç - bunu gündə üç dəfə edib yatmaqdan ibarətdir, hər gün eyni şeyləri yeknəsəq təkararlamaqdan və hər gün qocalmaqdan ibarətdir, düzdür? Hə, nə olsun ki?! Axı bunun əksinə, həyatı daha maraqli, rəngarəng, dinamik, faydalı etmək üçün ictimai fəaliyyət, cəmiyyətə, ölkənə, xalqına yararlı olmaq, nələrisə ümumi mənada dəyişmək olar da. Günahı hər kəs öz fəaliyyətsizliyində tapmalıdır.

Özümüzə nə vaxtsa sual veririkmi biz kimik, biz nə etmişik, yaxud nə edirik? Heçnə etmirik, nəticə sıfırdısa! Danışmaq çox asandır! Amerikanlardan, Qoca qitənin sakinlərindən hələ də öyrənməmişikmi ki, iş daha vacibdir, danışmaqdan daha çox bəhrə verən real işdir?!

Visiontv.az