MM Mədəniyyət Komitəsinin “Heydər Əliyev İli” münasibəti ilə tədbir təşkil olunub
Videonu Aç
MM Mədəniyyət Komitəsinin “Heydər Əliyev İli” münasibəti ilə tədbir təşkil olunub
24.01.2023 MEDİA Tərəfindən

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə 299 saylı məktəb-liseydə “Heydər Əliyev İli” münasibəti ilə tədbir təşkil olunub və təhsildə fərqlənən məktəblilərə kitablar hədiyyə edilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb-liseydə Komitənin təşəbbüsünə uyğun təşkil olunan məktəblilərə kitab bağışı aksiyasında çıxış edib. Tədbir “Heydər Əliyev İli” münasibəti ilə təşkil olunub.

Qonaqları salamlayan məktəbin direktoru Solmaz Kazımova təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yğıcam bilgi verib: “Məktəbimizin əsas binası 1934-cü ildə tikilib. 1950-ci ildən məktəb kimi istifadəyə verilib. Məktəbimiz, gələn ay 60 illik yubileyini qeyd edəcəyimiz, "Azərbaycan Bayrağı" ordenli şəhid Rizvan Pirnəzərovun (25.02.1963–13.08.1992) adını daşıyır. Məktəb 3 korpusdan ibarətdir və 2008-ci ildə əsaslı təmir olunub 840 yerlik əlavə korpus tikilib istifadəyə verilib. Məktəb 2008-ci ildə sentyabrın 23-dən Təhsil Nazirliyinin əmrinə əsasən məktəb-lisey kimi fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində məktəbdə 2364 şagird təhsil alır. Bunlardan 1257 nəfəri qız, 1107 nəfəri oğlandır.

Məktəbimizin çağdaş avadanlıqlarla təchiz olunmuş sinif otaqları, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası və s. vardır. Tədris prosesində İKT avadanlıqlarından: kompüter, “ağıllı” lövhələr, noutbook və proyektorlardan istifadə olunur. Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.

Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya” fəaliyyət göstərir. Ardıcıl olaraq müxtəlif formatlı tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir.

Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində keçirdiyi "Ekoloji aylıqlar", "Məktəb icması", "Kiçik Akademiya" layihələrinə qoşulub və uğurlu nəticələr əldə edib.

Çox sağ olun ki, “Heydər Əliyev İli” ilə bağlı məktəblilərə kitab bağışı aksiyasını bizim məktəbdən başlayırsız. Əmin ola bilərsiniz ki, şagirdlərimiz etimadınızı öz uğurları ilə doğruldacaqdır”.

Qənirə Paşayeva şəhid adını daşıyan və doğruldan məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən şad olduğunu bildirib.

“Heydər Əliyev İli”ndə təşkil olunan silsilə kitab bağışı aksiyasının önəmini vurğulayan Komitə sədri, kitab bağışı aksiyasının həm də məktəbləri, gələcəyimiz olan məktəbliləri yaxından tanımaq baxımından əlamətdar olduğunu vurğulayıb.

“Ümummilli liderimiz Heydər Əliyev tarixə, mədəni irsə həmişə böyük diqqət-qayğı ilə yanaşıb və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə və o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə ehtiramın ifadəsidir.

Bəli, ilk ayını yaşadığımız yeni təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu, bizlərin də, müəllim və şagirdlərin də üzərinə mənəvi məsuliyyət qoyur. Biz çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Bir daha bugünkü tədbirin önəmini vurğulayarkən, deməliyəm ki, “Heydər Əliyev İli”ndə  məhz yeniyetmə və gənclərimizlə görüşlərin keçirilməsi, kitab bağışı aksiyasının təşkili bizimçün bir könül işi kimidir. Mənim hər iki valideynim müəllim olub və gözümüzü açandan evdə, sonra məktəbdə kitab görmüşük, kitaba sevgi, böyük maraq görmüşük.
Ümummilli liderimiz deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Ayrıca, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına çox böyük önəm verən, qayğı ilə yanaşan Ümummilli liderimiz Heydər Əliyev kitaba, kitabxanaya, oxuya, maarifçiliyə da həmişə xüsusi diqqət yetirirdi.

O böyük şəxsiyyət kitabı mənəvi zənginliyin, elmlərə yiyələnməyin önəmli açarı kimi dəyərləndirirdi. Ümummilli liderimiz Heydər Əliyev gəncləri, ümumən cəmiyyətimizi oxuya, kitabla həmsöhbət olmağa çağırır, həyatda mükəmməl insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun oxudan, kitabdan keçdiyini bildirirdi.

Prezidentin “Heydər Əliyev İli” ilə bağlı Sərəncamında da çox dəqiq vurğulandığı kimi, Ümummilli liderimizin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.

Azərbaycanı Heydər Əliyev kimi sevməyi öyrənmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etmək indiki və gələcək nəsillərin üzərinə düşən mənəvi öhdəlikdir”.

Çıxışına davam edən Komitə sədri əlavə edib: “Belə gözəl tədbirə görə, bu anlamlı aksiyanın – məktəblilərə kitab bağışı aksiyasının bütün dəstəkçilərinə, əlbəttə, 229 saylı məktəb-liseyin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə, şəxsən Mehriban xanıma, kitab bağışına dəstək durmuş ictimai qurumlarımıza və xeyriyyəçi işadamlarımıza könül dolusu təşəkkür edirəm!

Milli Məclisin Mədəniyyət Komitəsinin oxuya, kitaba xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq. “Azərbaycan Bayrağı” ordenli qəhrəman şəhidimizin adını şərəflə daşıyan 229 saylı məktəbdə gördüyümüz gözəl ortam bizi belə aksiyalara bir daha ruhlandırır, yeni aksiyalara sövq edir”!

Q.Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “UNİTY Companiy”in təsisçisi Fikrət Əliyevin çıxışlarında məktəbə, maarifə, kitaba, kitabxanalara, mədəni irsiimizə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət-qayğısından söz açılıb.

Məktəbin müəllim və şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıb.

Sonda, Milli Məclisin Mədəniyyət Komitəsi və “UNİTY Company”nin dəstəyi ilə 330-dan çox fərqli kitab (o cümlədən tarixi romanlar, ensiklopedik nəşrlər) təhsildə fərqlənən məktəblilərə hədiyyə edilib.

Arzu edənlər tədbiri bu linkdən izləyə bilərlər: https://youtu.be/qHPSRqbcoTA

Visiontv.az