Hakim "Gürcü Arzusu" partiyası küçə aksiyalarının keçirilməsini məhdudlaşdıran yeni qanunvericilik düzəlişləri hazırlayıb. Mitinqlərin keçirilməsi qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb ola, buna görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Bunlar yeni qanun layihəsində nəzərdə tutulub.
Parlament çoxluğunun lideri İrakli Kirçxaliya layihədə daha hansı cəzaların olduğunu açıqlayıb.
Mitinqdə üzünü gizlətməklə iştirak, gözyaşardıcı və ya toksik maddələrdən istifadə, yolu bağlamaq və ya müvəqqəti qurğular quraşdırmaq 15 günədək, təşkilatçılar üçün 20 günədək inzibati həbs cəzası ilə sonuclana bilər. Mitinqdə silah, pirotexnikanın saxlanması, Daxili İşlər Nazirliyinin mitinqi dayandırmaq tələbinin yerinə yetirilməməsinin 60 günədək həbslə cəzalandırılması nəzərdə tutulub.
Bu cür hərəkətlərin təkrarlanmasına görə isə 1 ilədək, dəfələrlə təkrarlanma halında isə 2 ilədək həbs kəsilə bilər.
Gürcüstanda Avropayönümlü etirazlar 320 gündür davam edir. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, həbs olunan aksiya iştirakçılarının azad olunmasını tələb edirlər. Nümayişlər ötən il noyabrın sonunda baş nazir İrakli Kobaxidze avrointeqrasiya prosesinin 2028-ci ilə qədər dayandırdığını bəyan edəndən sonra başlayıb.
"Gürcü Arzusu" daha öncə də mitinqləri tənzimləyən qanunvericiliyi bir neçə dəfə sərtləşdirib: lazer və pirotexnika istifadəsinə məhdudiyyətlər, üzün gizlədilməsinə qadağa qoyulub, yol bağlamağa görə cərimələr, inzibati həbs müddətləri artırılıb.
İ.Kobaxidze oktyabrın 6-da deyib ki, parlamentin qarşısındakı Rustaveli prospektini hər gün bağlayan etirazçılara "hakimiyyət cavab verəcək".
Gürcüstanda 4 oktyabr yerli özünüidarəetmə seçkilərindən sonra da mitinq keçirilib, saxlananlar olub. Bəzi etirazçılar prezident sarayına girməyə çalışıblar.
visiontv.az