Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, şübhəli şəxs saxlanılıb
21.01.2020

Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov APA-ya verdiyi açıqlamada bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.