Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada verdiyi bəyanat azərbaycanlıları kimsəsizlik xofundan qurtardı
19.01.2022

“1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”.

HEYDƏR ƏLİYEV

Müstəqillik, azadlıq, amalını daim ürəyində yaşatmış, mübarizələrlə dolu şanlı tarixə malik Azərbaycan xalqının taleyində möhtəşəm qələbələrlə yanaşı faciəli anlar da az olmamışdır.  Təkcə ötən əsrdə xalqımız bəşər tarixində görünməmiş faciələrlə üzləşmişdir. 1905-1907, 1918-ci ilin mart qırğınlarını, 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutunu, 1937-1938-ci illərin represiyalarını, 1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyanı, 1988-ci ildən başlayan erməni təcavüzünü yaşayan Azərbaycan 1990-cı ilin yanvarında xalqımızın milli-mənlik şüurunda dərin iz buraxmış, ən yeni tariximizin dönüş nöqtəsinə çevrilmiş qanlı-qadalı bir faciə ilə üzləşdi.

Həmin gün qəlbi azadlıq eşqi ilə döyünən Azərbaycan xalqı müstəqillik uğrunda şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirərək öz şanlı tarixinin yeni parlaq səhifəsini yazdı. Bu, sözün həqiqi mənasında, milli qürurumuzun hünər zirvəsi idi!

Ötən əsrin 80-ci illərin sonunda Azərbaycanda baş verən ictimai-siyasi proseslər elə sürətlə inkişaf edirdi ki, hadisələrin qorxulu məcrada davam etməyəcəyinə heç kəs zəmanət verə bilməzdi. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Mərkəzi hakimiyyətin Azərbaycana qarşı qərəzli siyasəti, respublika rəhbərliyinin xalqın taleyinə nümayişkaranə laqeydliyi və imperiya siyasətini dəstəklənməsi geniş xalq kütlələri içərisində haqlı etirazlara səbəb olurdu. SSRİ adlı böyük bir məkanda gedən proseslər tədricən İttifaq rəhbərliyinin nəzarətindən çıxırdı. Mərkəzdən qaçma qüvvəsi getdikcə güclənirdi. Müttəfiq respublikaların tezliklə müstəqillik əldə edəcəkləri gün artıq uzaqda deyildi.

Belə bir vaxtda Bakıda öz haqqını tələb edən azadlıq mücadiləsinə qoşulmuş silahsız ölkə vətəndaşlarına divan tutulması şər qüvvəsi kimi tanınmış böyük bir imperiyanın işğalçılıq siyasətinin  davamı idi. Faciə ərəfəsində respublikanın başqa bölgələrində də vəziyyət gərgin idi. Respublikanın 11 rayonunda izdihamlı mitinqlər keçirilirdi. Mərkəz öz yerli əlaltılarının köməyi ilə  radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bilmişdi. Moskva Naxçıvanda da xalqı “cəzalandırmaq” məqsədi ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər göstərirdi. Lakin bütün cəhdlərə baxmayaraq, o buna nail ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti yanvarın 19-da Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakıya Sovet ordusu dəstələrini yeridilməsi  misli görünməmiş vəhşiliklərlə həyata keçirildi. Dövlət öz vətəndaşlarına - əliyalın milki əhaliyə silah qaldırdı. Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə qəddarcasına divan tutuldu. Yalnız bu qanlı cinayət başa çatandan  sonra - ertəsi gün fövqəladə vəziyyət barədə fərman elan edildi. Bu qanlı aksiya nəticəsində  Bakıda və respublikanın rayonlarında  131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə  həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri də var idi. Bu, “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi (HEYDƏR ƏLİYEV, 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimdə nitqindən, 19 yanvar 2003-cü il).

Xalqımızın mənəvi sıxıntı məngənəsində boğulduğu, belə dərin siyasi və mənəvi böhran keçirdiyi vaxtda Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar respublikamızın Moskvadakı nümayəndəliyində verdiyi bəyanat azərbaycanlıları kimsəsizlik xofundan qurtardı. Xalq onun tapdalanmış haqqının müdafiə etmək cəsarətində olan öz cəsur, Böyük oğlunu gördü. Bütün dünya  Heydər Əliyevin bəyanatından, Azərbaycanda baş verən olaylardan xəbər tutdu.

Bəyanatda deyilirdi:

“…Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...

…Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya-siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

…Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir... Nəhayət 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. …Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.”

Faciə ilə əlaqədar Heydər Əliyevin bu cəsarətli siyasi bəyanatı təkcə Azərbaycanda deyil, həm də bütün keçmiş SSRİ-də yeni siyasi eranın başlanğıcı oldu.

Bu faciənin bir sıra səbəbləri və dərin tarixi kökləri var idi. O dövrdə Mixail Qorbaçovun “yenidənqurma” siyasəti baş verən hadisələrin inkişafını yalnız sürətləndirirdi. Mərkəzin sovet imperiyasını qoruyub saxlamaq, milli respublikalarda oyuncaq rejimləri möhkəmlətmək, “yenidənqurma” haqqında şüarlar altında sərhədləri dəyişdirmək cəhdləri və o dövrkü respublika rəhbərinin xəyanətkar fəaliyyəti hadisənin əsas səbəblərindən idi. Burada, tədqiqatçıların qeyd etdikləri kimi, dini, Qafqazda möhkəmlənmək, sovet rəhbərlərinin təfəkkür tərzində dərin iz salmış türklərə nifrət amilləri də az rol oynamamışdır.

Bütöv bir xalqa qarşı törədilmiş, misli görünməmiş bu faciə göz önündə olsa da o vaxtkı respublika rəhbərliyi baş vermiş faciənin hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Faciədən iki gün sonra  yanvarın 22-də çağrılmış respublika Ali Sovetinin sessiyasında ölkənin əksər siyasi rəhbərlərinin iştirak etməməsi də onların xalqın taleyinə biganə qaldıqlarının əyani subutu idi.

Təəssüflər olsun ki, Azərbaycan Xalq Cəbhəsi faciəyə siyasi qiymət verilməsini dəfələrlə tələb etsə də hakimiyyətdə olduğu dövrdə bu imkandan istifadə etməmişdir. Hadisə ilə bağlı yaradılan Deputat  istintaq komissiyası da  qarşısında duran vəzifənin öhdəsindən layiqincə gəlməmişdir. Komissiyanın 1990-cı il 11 fevral tarixli ilk bəyanatı Azərbaycan SSR Ali Sovetinin həmin il yanvarın 22-də keçirilmiş fövqəladə sessiyasında qəbul olunmuş qərar çərçivəsindən kənara çıxa bilmədi. Ölkədə yaranmış vəziyyət isə komissiyadan qısa bir müddətdə 20 yanvar  faciəsinə hüquqi-siyasi qiymət verilməsini tələb edirdi. Komissiyanın işində olan nöqsanlara baxmayaraq, onun rəyindəki faktiki material parlamentdə 20 yanvar faciəsinə dolğun siyasi qiymət verilməsinə kifayət edirdi. Təəssüf ki, sonralar Milli Şura 20 yanvar hadisələrinə siyasi qiymət vermək əvəzinə 1992-ci il yanvarın 19-da qəbul etdiyi qərarı ilə Deputat istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib  təsdiqləməklə kifayətləndi.

O dövrdə İttifaqın bir sıra bölgələrində, Tbilisində, Baltikyanı respublikalarda baş vermiş hadisələr SSRİ Xalq Deputatları səviyyəsində müzakirə edilsə də 20 Yanvar faciəsi unutqanlığa məhkum edilmişdi.

Azərbaycanın dövlət strukturları tərəfindən isə hadisəyə ilk dəfə  siyasi qiymət 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi.

Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarda deyilirdi:

 “Yanvar faciələrinin səbəbkarlarının-istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərar alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli matəm günü kimi qeyd edilsin”.

Xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi ətrafında hökm sürən xəyanət sukutunu məhz Heydər Əliyev mütamadi yararaq prinsipial siyasi xadim kimi öz haqq səsini ucaldırdı. O, Ali Sovetin 1991-ci il 7 mart tarixli iclasında cıxış edərək deyir :

‘‘Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir.  Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində  şəhidlərin xatirəsinə abidələr ucaldır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. ”

6 ay sonra Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessesiyasında bu məsələyə yenidən qayıdır:

“20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir… Mən sual verirəm: …nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? …Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. …Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur.”

Heydər Əliyevin SSRİ Nazirlər Kabinetinə ünvanladığı 1991-ci il 19 iyun tarixli məktubunda bu barədə belə deyilirdi:

“Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi.

Artıq il yarım keçib. Nəinki bu dəhşətli cainayətlərin hamıya çoxdan məlum olan günahkarları izə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid  edirlər ki, zaman keçdikcə bu faciə  unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar hadisələri yalnız Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonar öz əsil siyasi qiymətini aldı. 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkənin Ali qanunvericilik orqanına 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tövsiyyə olundu. Milli Məclisin bir neçə gün davam edən xüsusi sessiyasında yanvar hadisələrinin əsas səbəbləri açıqlanaraq faciənin günahkarları ifşa edildi.

Xalqımızın tarixinə qanlı faciə kimi daxil olmuş 20 Yanvar hadisələrinin müzakirə olunduğu belə bir məqamda da bəzi siyasətbazlar öz ambisiyalarından əl çəkmək istəmir, faciəyə hüquqi-siyasi qiymət verilməsinə mane olmağa çalışırdılar. Onların bu cəhdlərinə baxmayaraq   sessiyada 20 yanvar faciəsi ilə əlaqədar parlamentin 1994-cü il 29 mart tarixli qərarı qəbul edildi.

Qərarda deyilirdi:

“…Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur...

Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur...”

Sovet imperiyasının 1990-cı ilin soyuq yanvar günlərində azərbaycanlılara qarşı törətdiyi misli görünməmiş bu vəhşiliklər nə qədər dəhşətli olsa da xalqımızın iradəsini sındıra onun azadlıq istəyini boğa bilmədi. Şəhidlərin ruhu ilə silahlanmış Azərbaycan istiqlaliyyətinə doğru daha qətiyyətlə və əzmkarlıqla irəliləyərək XX əsrin sonunda yenidən öz müqəddəs amalına –  müstəqilliyinə qovuşdu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılara qarşı  işlədilmiş  cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş  ən qanlı terror aktlarından biri idi. Həmin gün tariximizə faciə kimi daxil olsa da Heydər Əliyevin təbirincə desək “ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu”.

Müstəqilliyimizin ilk illərində Azərbaycan həlli çətin problemlərlə üzləşsə də böyük Öndər Heydər Əliyevin dühası işığında bütün maneələri dəf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutdu. Bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımız regionun lider dövlətinə çevrilib, ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll edərək Qoca Qafqazın  bu bölgəsində milli  varlığımızı bir daha təsdiqlədi. Bu gün Şəhidlər Xiyabanında, işğaldan azad olunmuş Qarabağda, mədəniyyət paytaxtımız  Şuşada qürurla dalğalanan üçrəngli bayrağımız məhz milli qürurumuzun əyani təcəssümüdür.

Mehman Qaibov

Modern.az