Məzənnə fərqi silindi, bəs vətəndaşlar əsas məbləği hansı qaydada ödəyəcək - İqtisadçı izah edir
01.03.2019

Məzənnə fərqi silindi, bəs vətəndaşlar əsas məbləği hansı qaydada ödəyəcək - İqtisadçı izah edir

Əsas borcu 10000 dollardan çox olmayan belə şəxslər borclarını qaytara bilmirlərsə və vaxtı keçmiş borcun məbləği 360 günü ötürsə, həmin borc müqaviləsi üzrə şərtlər dəyişdiriləcək, borc manata çevriləcək, 5 illik dövrə yeni kredit müqaviləsi bağlanacaq, ilk il əsas borc üzrə ödəmə olmayacaq, kredit illk 1%-lə ayrılacaq.

Visiontv.Az bildirir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib:

"Ard-arda gələn rəsmi açıqlamalar problemli kreditlərin həllilə bağlı əsas suallara aydınlıq gətirdi. 

Məsələn, aydın oldu ki, təkcə hazırda xarici valyutada 10000 dollaradək borcu olanlar deyil, əvvəllər də bu məbləğdə xarici valyutada kredit götürmüş, sonradan yeni məzənnə ilə ödəyib borcunu bağlamış vətəndaşlar da dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər. Hətta borcunu ödəmiş şəxs vəfat edibsə, hüquqi varisi bu ödənişi ala biləcək.

Niyə 10000 dollar yuxarı hədd seçilib? MB nümayəndəsi deyir ki, dollar krediti olan vətəndaşların 95%-i məhz bu həddə qədər olub.

İkinci aydınlaşan məqam bu oldu ki, devalvasiyadan sonra dollar krediti götürən və yüksək məzənnə ilə borc qaytarmayan, amma borcunu ödəyə bilməyən şəxslər də yeni güzəştdən bəhrələnə biləcək.

Belə ki, əsas borcu 10000 dollardan çox olmayan belə şəxslər borclarını qaytara bilmirlərsə və vaxtı keçmiş borcun məbləği 360 günü ötürsə, həmin borc müqaviləsi üzrə şərtlər dəyişdiriləcək, borc manata çevriləcək, 5 illik dövrə yeni kredit müqaviləsi bağlanacaq, ilk il əsas borc üzrə ödəmə olmayacaq, kredit illk 1%-lə ayrılacaq.

Eyni şərtlər manatla əsas borcu 17000 manatı ötməyən şəxslərə də şamil oluanacaq.

Fərmandan aydın olur ki, bu ehtiyacı qarşılamaq üçün Mərkəzi Bank banklara illik 0.1%-lə 5 illik kredit xətti açacaq. Bankların valyuta mövqeyinin pozulmasının qarşısını almaq üçün həmin məbləğin 215 mln. dollar ekvivalentində hissəsi qiymətli kağızlar formasında təmin ediləcək.

Səslənən rəsmi rəqəmdən aydın olur ki, manat ekvivalentində məbləği 17000 manatdan çox olmayan və 360 gündən artıq vaxtı keçmiş bütün borcların məbləği 700 milyon manata yaxındır və borcluların sayı 400000 nəfərdir", - deyə ekspert qeyd edib.