5.08.2020
Axtar
Ölkə
alt

"Mərhəmət hər birimizin içindədir, o bizim qanımızdadır...-Leyla Əliyeva

Bu gün Azərbaycanın ictimai xadimi, şairə, rəssam, NARGIS jurnalının 63-cü buraxılışının üz qapağının qəhrəmanı Leyla Əliyeva 35 yaşını qeyd edir! Onun müsahibəni sizə təqdim edirik.

Onun haqqında çox yazırlar və danışırlar. Xüsusilə onun gənclərlə birlikdə gördüyü işləri, xeyriyyəçiliyi, təbiəti mühafizə təşəbbüsləri haqqında. Onun təşəbbüsü ilə bir çox əlamətdar gənclik tədbirləri, forumlar və sərgilər keçirilib, son bir neçə il ərzində Bakı şəhərətrafı ərazilərdə alışmadığımız yaşıl landşaftlar salınıb, yüz minlərlə fidanlar əkilib, bir çox vətəndaşın istirahət etməyi xoşladığı ekoparklar yaradılıb. O, vətəndaşların problemlərinə və istəklərinə həssas yanaşır: onun iştirakı ilə bakılılar tamamilə təchiz edilmiş ictimai çimərliklərdə rahat istirahət edə bilir, “Bizim həyət” layihəsi çərçivəsində həyətlər abadlaşdırılıb. May ayında Leyla Əliyeva Binəqədi bölgəsindəki sahil zonasının təmizlənməsi aksiyasında iştirak edib, axı onun fikrincə ən yaxşı nümunəni özün göstərməlisən. Hər şeydən əlavə Leyla iki oğul və bir qız övladının anasıdır, şair və rəssamdır...

Bu qədər işi və bir-birindən vacib bir neçə missiyanı eyni anda yerinə yetirməyin, bu qədər səmimi və pozitiv qalmağın sirrini Leyla Əliyeva oxucularımızla bölüşür.

Zəhmət olmasa, IDEA İctimai Birliyini yaranma ideyası və onun missiyası barədə bizə danışın.

Mən təbiəti çox sevirəm, onunla harmoniyada yaşamaq mənim üçün çox vacibdir. İstərdim ki, insanlar bu sərvətin qədrini bilsin, təbiətlə daimi ünsiyyətdən yaranan pozitivi hiss etsinlər. Buna görə gənclərin diqqətini ekoloji problemlərə cəlb etmək qərarına gəldik. 2011-ci ildən bəri IDEA təşkilatı insanlara həqiqətən nəyin dəyərli olduğunu başa salmaq üçün çox iş görüb. Axı bir ağacı yetişdirmək üçün 20-30 il lazımdır, amma bir neçə dəqiqəyə kəsmək olar.

"Şəhər ekologiyası” layihəsi çərçivəsində pişiklər, quşlar, dələlər üçün evlər inşa edilib, bu çox sevindirici haldır. Ancaq, sizcə, insanlara "kiçik qardaşlarımıza" mərhəmətli olmağı öyrətmək lazımdırmı?

Mərhəmət bizim hər birimizin daxilindədir, qanımızdadır. Bunu öyrətmək mümkün deyil. İnsana ən yaxşı keyfiyyətlərini ortaya qoyması üçün bir fürsət vermək lazımdır, o da onları göstərəcək. Yaxşılığa, gözəlliyə can atmaq arzusu uşaqlıqdan bəri hamımızın içindədir. Mən buna inanıram.

Heyvanlara edilən qəddarlığa görə sərt cəzaları haqlı sayırsınızmı?

Mən ağır cəzaların tərəfdarı deyiləm. Qəddarlığa qəddarlıqla qalib gəlmək olmaz. Heç kimi mühakimə etməməyə çalışıram. Düşünürəm ki, hər bir insanda ən xeyirxah, ən gözəl keyfiyyətləri yetişdirmək daha yaxşıdır. Yalnız sevgi və mərhəmətlə nümunə göstərmək lazımdır.

Bu gün Dünya ekologiyasının mövcud vəziyyəti təkcə ona qarşı məsuliyyətsiz münasibətin deyil, həm də cahilliyin nəticəsidir. Necə hesab edirsiniz, ölkəmizdəki insanları planetin ekosistemini xilas etməkdəki rolları barədə necə məlumatlandırmaq olar?

Çox vaxt insanlar təbiətə diqqətsiz yanaşırlar. Münasibətləri ilə hətta gündəlik həyatında, məişətdə də Yer kürəsini məhv edirlər. Zəif bağlanmış kran, vaxtında söndürülməyən işıq, dənizə atılan zibil – bütün bunlar təbiəti məhv edir. Düşünürəm ki, tərbiyə etmək və məlumatlandırmaq yalnız şəxsi nümunə ilə mümkündür. Yadımdadır, çimərliyi təmizlədiyimizdə həqiqətən zövq alırdıq, fiziki olaraq gördüyümüz işin nə qədər əla olduğunu hiss edirdik. Təbiətlə birləşdiyimi və çox vacib bir iş gördüyümü hiss etdim! Düşünürəm ki, insanlara təbiəti qorumağın əsl yolunu görməyə kömək etməliyik, lakin buna özümüzdən başlamalıyıq.

İyunun 17-də Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak etmişdiniz. Bu, IDEA-nın Xəzər ekosistemini və bioresurslarını bərpa etmək üçün daha bir təşəbbüsüdür. Ancaq bildiyiniz kimi, brakonyerlik bu sahədə əsas problemlərdən biri olaraq qalır. Bununla necə mübarizə aparmaq olar?

Mən cəza və qəddar tədbirlərin əleyhinəyəm. Düşünürəm ki, bu balıqçıları Xəzər ekosistemini mühafizəsinə cəlb etmək daha təsirli olardı – axı brakonyerlər nəsildən-nəslə həyatlarını zəhmətkeşliklə dənizdə qazanan balıqçılardır. Bu insanlar dənizi və onun təbiətini mükəmməl bilirlər. Düşünürəm ki, onların bacarıqlarını cəmiyyətin xeyrinə istifadə etmək düzgün olardı. Vəhşicəsinə balıqçılıqla mübarizə aparmaq lazımdır. İnsanlıq artıq dünyanın iri ovluq balıq ehtiyatının 90%-ni məhv edib. Balıqçılıq olmadan olmaz, ancaq bu sivil üsullarla həyata keçirilməlidir. Xəzərə gəldikdə isə nərə balığının sayının artması üzərində işləmək lazımdır. Biz kürüləri dənizə buraxırıq, növ olaraq qorumaq üçün mübarizə aparırıq. Ancaq ən böyük problem brakonyerlik deyil, sularımızın çirklənməsidir. Bu problem daha ciddidir və həll edilməlidir.

"Qafqazın Böyük beşliyi" layihəsindən savayı IDEA yüz il əvvəl Azərbaycanda nəsli kəsilmiş "Zubrların reintroduksiyası” layihəsini həyata keçirdi. Nəticələr haqqında məlumat varmı?

Reintroduksiya haqqında danışmaq hələ tezdir. Bu çətin və uzun bir işdir. Soçidə rusiyalı həmkarlarımız qafqaz bəbirinin sayının artması ilə bağlı ilk layihəni həyata keçirirlər. Bu, yenidən törətmək üçün ən çətin heyvan növüdür. Zubrlara gəldikdə, layihəmizin uğurlu olacağına və bu unikal qədim növün bizdə mövcudluğuna inanıram və ümid edirəm. Azərbaycanda bəbirlərin sayının artmasına, ən gözəl, zərif ceyranların populyasiyasının bərpa olunmasına çox sevinirik.

Zirə kəndindəki kimi ekoparkların salınması planlaşdırılırmı?

Bu çox gözəl layihədir. Ekopark 2015-ci ildə zibilliyin yerində yaradılıb. İndi bura yaradıcı insanlar üçün əsl şəhərdir, burada hər kəs öz istedadını kəşf edə və istədikləri işlə məşğul ola bilərlər. Hovuzlar, gimnastika mərkəzləri, orxideya evləri, piknik yerləri... Sadalamaqla bitməz! Hesab edirəm ki, bu müsbət təcrübə inkişaf etdirilməlidir.

Siz çoxsaylı layihələrin və təcrübələrin təşəbbüskarısınız, həm də sevən bir anasınız. Bu qədər iş üçün üçün enerjini haradan alırsınız?

Əminəm ki, aktiv və faydalı işdən daha çox işsizlikdən yoruluruq. Nə qədər yaxşı iş görsən, bir o qədər də sözünün və ya əməlinin faydası olan insandan güc alırsan. Pozitiv münasibətləri olan insanlar işinə davam etmək və əməllərində daha səxavətli olmaq üçün sizə emosional və fiziki güc verir. Hər insanda sevgi, mehribanlıq zərrəciklərini görürəm. Və bu mənə olduqca güc verir.

Xalq arasında necə deyirlər "tək əldən səs çıxmaz". Həmfikir insanlar və yol yoldaşları tapmaq çətindir?

Mənə elə gəlir ki, düzgün yoldasansa, yaxşı işlər görürsənsə və hər şeyi ürəkdən edirsənsə, deməli, düşmənin yoxdur – hər kəs sənin həmfikirindir. Əgər kimsə səninlə razı deyildə, o zaman onu dinləyib, anlamalısan, bəlkə də o vaxt elə özünün səhv etdiyini görəcəksən.

Siz rəsm çəkirsiniz, şeir yazırsınız... Sizi yaradıcılığa nə ilhamlandırır?

Həyat, insanlar, duyğular – bütün bunlar mənə ilham verir. Mənə elə gəlir ki, şeirlər mənə Allahdan gəlir, sətrləri eşidirəm. Bir neçə dəqiqəyə şeir yaza bilərəm, bəzən hətta yuxuda da, sonra yeni qafiyələr gəlir... Yaradıcılıq bacarığı – Uca Yaradanın bizə, övladlarımıza verdiyi böyük bir töhfədir, bizə bəxş edilmişdir. Yəqin ki, yüksək texnologiyalar sayəsində insanların yaradıcılığa daha çox vaxt ayıracağı xoşbəxt zamanları görəcəyik və gözəl rəsmlər çəkmək, möhtəşəm şeirlər, zərif musiqi yaratmaq insanın ən əhəmiyyətli bacarığına çevriləcək. Ümumiyyətlə, uşaq böyütmək və dadlı yemək bişirmək, ürəkdən işləmək, yaşamaq və gözəlliyi qiymətləndirmək – bunların hamısı yaradıcılıqdır. Belə deyərdim: yaradıcılıq ürəkdən gələn və bizə sevinc verən bir şeydir!

Siz ictimai bir insansınız və çoxlarına nümunəsiniz. Bəs sizin üçün kim nümunədir?

Hər bir insan üçün həyatda əsas insanlar onun valideynləridir. Ailəsidir. Mən də istisna deyiləm. Çalışqanlığı və müdrikliyi sevimli babam Heydərdən öyrənmişəm. O, əbədi olaraq mənim əsas məsləhətçim və etibarlı yol göstərənim olaraq qalacaq. Elə indinin özündə də, mən xəyalən onunla məsləhətləşirəm və mənə nə deyəcəyini, məni necə dəstəklədiyini, nədən qoruyacağını anlamağa çalışıram... Əlbəttə ki, atam və anam mənə çox böyük təsir ediblər. Sənətə, yaradıcılığa sevgi – anamdan mənə keçib.

Ekologiya sahəsində gələcək planlarınızı bizimlə paylaşın.

Çox vaxt elə olur ki, nəyisə planlaşdırmağa vaxtın yoxdur, amma planlar özü səni tapır. Buna görə hələ ki ən vacib planım səhər oyanmaq və yeni gündən zövq almaqdır. Bir də biz sağlam həyat tərzi üçün bir kampaniya başlatmaq istəyirik. Sağlamlıq paylaşılmayan yeganə şeydir, ona qayğı göstərmək və onu qorumaq lazımdır. Sağlam olduğumuz zaman ilham və iş özü bizə gəlir!

Nargis jurnalının sentyabr buraxılışı "Ekologiya" mövzusuna həsr olunub. Bir neçə sözlə təbiətin əhəmiyyətini oxucularımıza necə izah edərdiniz?

Əminəm ki, oxucularınız bunu özləri bilirlər. Çünki jurnalınız sevgi, ürəkdən, inanılmaz gözəlliklə hazırlanır. Məsləhət isə... Daha çox arzumu paylaşmaq istərdim: insanlar plastik qablaşdırmadan az istifadə etsinlər, zərərli "enerji" içkilərini içməsinlər, canlı təbiətə qayğı ilə yanaşsınlar. Bir sözlə sağlamlığımıza zərər verən heç bir şeyi istifadə etməsinlər. Dünyanı dəyişə bilməsək də, özümüzü dəyişə bilərik. İnsan təbiətin bir hissəsidir, təbiəti qorumaq – özümüzü, uşaqlarımızı, gələcəyimizi qorumaq deməkdir. Yaxşıya doğru dəyişərək biz dünyanı yaxşılığa doğru dəyişmiş oluruq.

Sizcə, uşaqlara nəyi öyrətməliyik?

Düşünürəm ki, böyüklər uşaqlardan öyrənməlidir. Səmimiyyəti, sevgini, saflığı, dünyaya açıq olmağı.

Rəsmləriniz və şeirləriniz çox gözəldir. Bu sizdə necə alınır? Yaradıcılığa nə qədər vaxt sərf edirsiniz?

Mən yaradıcılığa daha çox vaxt ayırmaq istərdim. Ancaq bir o qədər də vacib olan digər işlərə də vaxt ayırmalıyam. Xeyirxah işlərimizdə, başqalarına kömək etməyimizdən, dualarda, təbiətlə vəhdətdə ilham tapıram. Həyatın hər saniyəsi yaradıcılıqdır. Buna görə deyə bilərəm ki, bir tərəfdən yaradıcılıq üçün vaxt çox azdır, digər tərəfdən isə bütün həyat yaradıcılıqdır!

Səmimi dosye

2000-ci ildə Leyla Əliyeva orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə (ESB) daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasında oxuyub.

2010-cu ilə qədər MDBMİ-da Azərbaycan Klubunun sədri olub.

10 may 2007-ci ildən etibarən Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəridir.

19 dekabr 2007-ci ildə Moskvada "Baku" jurnalını oxuculara təqdim etdi.

8 May 2008-ci ildə "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı oldu.

2008-ci ilin may ayından – İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatorudur.

18 aprel 2009-cu ildə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.

2011-ci ildən - Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2011-ci ilin iyul ayında xaricdə yaşayan azərbaycanlıların birləşməsi və dünyanı Azərbaycan haqqında faktlarla tanıtdırmaqda xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilmişdir.

12 iyul 2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə IDEA ictimai birliyi (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) fəaliyyətə başladı.

2011-ci ilin oktyab ayında Londonda "Baku" jurnalının ingilis dilində versiyası təqdim edildi.

2011-ci ilin noyabr ayında Nyu-Yorkda uşaqlar ilə əlaqəli humanitar layihələrdə fəal iştirakına görə Leyla Əliyeva "Həyatın açarı" (Key to Life) fəxri mükafatına layiq görülmüşdür.

22 noyabr 2011-ci il tarixində Leyla Əliyeva BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb.

12 sentyabr 2012-ci il tarixində Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib.

5 aprel 2013-cü il tarixində "Ətraf Mühitin Mühafizəsi" – Məktəblilərin Beyləlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin İdarə Heyətinin qərarı ilə "Ekoloji Ətrafın Mühafizəsinə görə" Beynəlxalq Şərəf ordeni ilə təltif edilmişdir.

20 dekabr 2013-cü ildə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni və Volqoqrad vilayətinə xidmətinə görə medal ilə təltif edilmişdir.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xalq Birliyi gününə həsr edilmiş təntənəli tədbirdə təqdim edib.

28 sentyabr 2016-cı ildə MDBMİ-nin Elmi Şurasının qərarı ilə "Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

Müsahibə: Ülviyyə Mahmudova Foto: şəxsi arxiv

Şərh