“Mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar"-Prezident İlham Əliyev
29.05.2020

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və Qarabağ problemi birdəfəlik həll edilməlidir, bu barədə dövlət başçısı İlham Əliyev mayın 28-də bir qrup məcburi köçkünlə görüşündə bildirib.

Visiontv.az xəbər verir ki, O, torpaqların işğaldan azad ediləcəyindən və bütün köçkünlərin doğma torpaqlarına qayıdacağından əminliyini ifadə edib.

"Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar", deyə o bildirib.

"Hərbi qüdrətimiz, iqtisadi üstünlüyümüz, beynəlxalq təşkilatların mövqeyi və aparıcı ölkələrinin dəstəyi torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır".

"İndi dünyada güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər", deyə Əliyev qeyd edib.

Bu gün danışıqlar masasında məhz mərhələli həll var, baxmayaraq ki, Ermənistan rəhbərliyi bunu inkar etməyə çalışır, öz xalqını aldadır.

"Mərhələli həldən başqa heç bir həll mümkün deyil. Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bizim məqsədimiz suverenliyimizi tam və birdəfəlik təmin etməkdir. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik", deyə Əliyev bildirib.

İşğal edilmiş ərazilər azad edildikdən sonra bütün yaşayış məntəqələri bərpa ediləcək. Hələlik isə hökumət məcburi köçkünlərin sosial problemlərini həll edir, onlar üçün yaşayış məntəqələri tikir. 2019-cu ildə köçkünlər üçün 5 minə yaxın ev və mənzil tikilib. 2020-ci ildə 7-8 min köçkün ailəsinə mənzil veriləcək. Bakıda, Sumqayıtda və digər şəhərlərdə 40 min nəfər yeni evlərə köçürüləcək, deyə dövlət başçısı bildirib.