Meliorasiya və su təsərrüfatı sahəsində qarşıdakı illərdə görüləcək işlər açıqlanıb
07.05.2020

Müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 faizindən çoxunu əhatə etməsi planlaşdırılır. Meliorasiya və Su Təsərrüfatı ASC 2020-ci ildə meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib.

Visiontv.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

Cari ildə görüləcək işlərdən danışan Cəmiyyətin rəsmisi deyib: “Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri bu il də davam etdiriləcək. Həmçinin Şəmkir su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral kanalının Kür çayı üzərində 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində nəzərdə tutulan 3 nasos aqreqatının quraşdırılması, Şəmkir-Samux-Goranboy magistral kanalının 3-cü növbəsinin, eyni zamanda, tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin və Şəmkirçay su anbarının layihə zonalarında paylayıcı kanalların tikintiləri, Sabirabad və Salyan rayonlarında qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi, Yuxarı Mil kanalının tikintisi, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri yerinə yetiriləcək. Yuxarı Şirvan kanalının yeni məcrada tikintisi üçün layihələndirmə işlərinin tamamlanması planlaşdırılır”.

Dilqəm Şərifov qeyd edib ki, Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar, Ağcabədi rayon ərazisində 2500 hektar, Füzuli rayonu ərazisində 1200 hektar əkin sahəsi olan təsərrüfatların, Xaçmaz rayonunda aqroparkın torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi də nəzərdə tutulur. “Bundan başqa, Biləsuvar rayonunda “Azərsun”a məxsus torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması və Qobustan aqroparkına məxsus torpaq sahəsinə Qozluçay çayından suvarma suyunun verilməsi və sututumu 50 min kubmetr olan sututarın yaradılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 37 ədəd, Şamaxı rayonunda 8 ədəd kiçik sututarda zəruri təmir-bərpa işləri və Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması işləri görüləcək. Həmçinin Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması tədbirləri həyata keçiriləcək”, - deyə qurumun nümayəndəsi əlavə edib.

Bu il, eyni zamanda, respublikanın şəhər və rayonlarında 443 ədəd subartezian quyusunun qazılması, eləcə də Kür-Araz və dağ çaylarında sel və daşqın sularının zərərli təsirlərinin qarşısının alınması məqsədilə sahilbərkitmə işləri də aparılacaq. Eyni zamanda, “Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması və həyata keçirilməsi” layihəsi üzrə layihə sənədlərinin hazırlanması başa çatdırılacaq.

Cari ildə respublika üzrə 18000 kilometr suvarma kanallarının, 3500 kilometr kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi, 6500 ədəd hidrotexniki qurğunun, 6000 ədəd subartezian quyusunun və 320 ədəd nasos stansiyasının təmiri işlərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirən D.Şərifov deyib: “2020-ci ildə qazılacaq 443 ədəd subartezian quyusundan 204 ədədi pambıqçılıq rayonlarında nəzərdə tutulur. Bu isə suvarma işlərini daha da yaxşılaşdıracaq. Çay məcralarında 21 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılacaq və respublika üzrə 1 milyon 400 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatı və s. işlər həyata keçiriləcək”.

Cəmiyyətin rəsmisi qeyd edib ki, hazırda dünyada iqlim dəyişiklikləri baş verir. Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Ölkəmizdə də isti günlərin sayı artır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Hazırda bir çox ölkələr susuzluqdan çox əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik.

“Prezident İlham Əliyev bununla bağlı tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verib. Hazırda bu tapşırığın icrası olaraq, mövcud meliorasiya və su təsərrüfatı fondlarının istismarının və əkin sahələrinin su təminatının yaxşılaşdırılması və su itkilərinin qarşısının alınması, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün sistemlərin təmir-bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması, kiçik su anbarlarının yaradılması da daxil olmaqla, bütövlükdə ortamüddətli, uzunmüddətli meliorativ tədbirlər planının yenidən tərtib edilməsinə başlanılıb”, - deyə D.Şərifov əlavə edib.

Dövlətimizin başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Bu barədə də məlumat verən D.Şərifov bildirib ki, Sərəncamın icrasının təmin edilməsi məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın digər iştirakçıları ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər proqramı hazırlanır. Proqram ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcək. Proqramda nəzərdə tutulan tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində aşağıdakılara nail olmağı hədəfləyir.

- Rusiya, İran və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarəedilməsi üzrə ikitərəfli əməkdaşlıq davam etdirilərək, bu sahədə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması;

- İran ilə Araz çayı üzərində inşa olunmuş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsi;

- Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 faizindən çoxunu əhatə etməsi;

- Ümumi sututumu 1 milyard kubmetr olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması;

- Tikintiləri yarımçıq qalmış 2 su anbarında işlərin tamamlanması hesabına 124 milyon kubmetr su yığılmasının təmin edilməsi;

- Mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması.