Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi Zağulbada 1500-dən çox ağac əkib
06.12.2019

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi respublikamızda ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş yaşıllaşdırma tədbirlərində fəal iştirak edir.

Visiontv.az-ın verdiyi xəbərə görə, cəmiyyətin idarə və təşkilatları bu il dörd dəfə ağacəkmə aksiyası keçirib və hər dəfə də 4-5 min ədəd ağac əkərək, ekologiyanın yaxşılaşdırılmasına öz töhfələrini veriblər.

Dekabrın 5-də cəmiyyətin Bakı şəhərində yerləşən idarə və təşkilatlarının 200-ə yaxın işçisi paytaxtın Zağulba qəsəbəsində növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Onlar qəsəbədə yerli yaşıllaşdırma təsərrüfatlarından alınmış 1500-dən çox şam və müxtəlif meyvə tingləri əkiblər.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının rəhbəri Cahan Məmmədov deyib: “Melioratorlar ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması tədbirlərində mütəmadi olaraq iştirak edirlər. Bugünkü aksiya da onlardan biridir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də böyük həvəslə qoşulmuşuq. Dekabrın 6-da bütün ölkə miqyasında keçiriləcək tədbirə biz də xüsusi hazırlaşmışıq. Yaşıllaşdırma tədbiri aparılacaq ərazilər müəyyən edilib, əkiləcək ağaclar həmin əraziyə gətirilib. Melioratorlar sabah paytaxtda və ölkəmizin ayrı-ayrı bölgələrində 20 mindən çox ağac əkməyi nəzərdə tutublar. Əkilən ağacların böyük hissəsini şam ağacları təşkil etsə də, xeyli meyvə ağacları, o cümlədən sitrus meyvələri də var. Bu, geniş miqyasda aparılan yaşıllaşdırma tədbirinə meliorasiya işçilərinin verdiyi töhfə olacaq”.

Aksiya çərçivəsində ərazidə abadlıq-təmizlik işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib, suvarma xətləri çəkilib. Melioratorlar əkilmiş ağaclara gələcəkdə də qulluq etməyi, vaxtlı-vaxtında suvarmağı öhdələrinə götürüblər.