31.05.2020
Axtar
Təhsil-tərbiyyə
alt

Məktəblərin sentyabradək açılmayacağı ehtimalı var

Azərbaycan Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə qərar qəbul edib.

Visiontv.az xəbər verir ki, verilən qərardan sonra ölkədə fəaliyyəti qadağan edilən bəzi iş yerləri yenidən açılamağa başlayıb.

İş yerlərinin bir qismi açıldığı müddətdə məktəb və bağçalara qoyulan qadağa aradan götürülməyib. Üstəlik mayın 4-dən də digər iş yerlərinin açılacağı da təxmin edilir. Həmin tarixdən sonra məktəb və bağçaların açılması təxirə salınacaqsa, işləyən valideynlər müəyyən çətinliklə üzləşəcəklər.

Buna səbəb övladları bağça və ibtidai sinifdə oxuyan valideynlərin işdə olduğu müddətdə onları hara qoyması məsələsidir. Mövcud vəziyyətdə valideynlərin üzləşəcəyi problemdən çıxış yollarını müəyyən etmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu mövzuda hərtərəfli düşünməli və riskə gedilməməlidir: "Açığı, bunu tənzimləmək olduqca çətindir. Valideynlər üçün uşaqlarla bağlı hər hansı problem varsa, iş yerlərindən ödənişli əsaslarla icazə alınmalıdır. Əks halda valideynlər böyük bir riskin içinə girmiş ola bilərlər. Çünki məktəblərdə daha çox təhlükə riski var.

Biz bunu təkcə öz təcrübəmizdən etmirik. Başqa ölkələrdəki təcrübədən də istifadə olunur. Avropa kimi səhiyyə və təhsil sistemi güclü olan ölkələrdə belə məktəblər açılmayıb. Qonşu ölkələrdə də oxşar vəziyyətdir. Bir məsələ də var ki, bizdə əhali nisbətən arxayınlaşmağa başlayır. Bu özü də ciddi bir təhlükənin olmasına səbəb olacaq. Buna görə biz bu mövzunu hərtərəfli düşünməliyik və riskə getməməliyik.

Valideynlərin bu vəziyyəti anlaşılandır. Amma onların evdə qalmasını təmin edə biləcək mexanizm fikirləşməliyik. Əgər uşağa görə valideynlər işə getmirlərsə, maaşları və ya təminatlarını almalıdırlar ki, ağır vəziyyətə düşməsinlər.

Fikrimcə, hökumət bu mexanizmi nəzərdə tutub həyata keçirməlidir. Ümumilikdə məktəblərin açılması risklidir. Çox güman ki, bu ilin sentyabrına qədər bu istiqamətdə addım atmaq çətin olacaq. Çünki xarici ölkələrdə də belə bir tendensiya önə çıxır".

Şərh