Məktəblərdə imtahanların yeni qrafiki yaxın 10 gündə açıqlanacaq
21.04.2020

“Mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə qrafik üzərində yenidən işlənilməlidir”.

Visiontv.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə videokonfransda bildirib.

O qeyd edib ki, imtahanlarda ədalət prinsipi qorunacaq.

“Yaxın 10 gün ərzində yeni imtahan qrafiki ictimaiyyətə təqdim olunacaq. Operativ Qərargahın qərarlarına əməl etməliyik. Hazırda Qərargahda olan məlumat budur ki, mayın 4-dən karantin rejimindən tədricən çıxacağıq. Biz də həmin qaydalara uyğun imtahanları yeni qrafiklə ictimaiyyətə təqdim edəcəyik. Bunu dərk etmək lazımdır ki, əsas məqsəd indi sanitar gigiyenik qaydaları yerinə yetirmək, insanların sağlamlığını qorumaq və həm iştirakçı, həm də imtahanda çalışacaq insanlar üçün heç bir təhlükə yaratmamaqdır”.