"Media haqqında" qanuna öz şəxsi maraqlarımız çərçivəsindən baxmamalıyıq
"Media haqqında" qanuna öz şəxsi maraqlarımız çərçivəsindən baxmamalıyıq
09.02.2022 Şöhrət El-Dəniz Tərəfindən

“Bəzi həmkarların və dostların "Media haqında" qanunun təsdiqindən sonra sərt tənqidi ritorikaya üstünlük verməsini onların imzalanan qanunun verdiyi söz azadlığı çərçivəsində əldə etdikləri hüquq kimi dəyərləndirirəm”.

Bu fikirləri Demokrat.az-a Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz deyib.

Media eksperti açıqlamasında qeyd edib ki, "Media haqqında" qanuna öz şəxsi maraqlarımız çərçivəsindən baxmamalıyıq:

“Fikrimcə, istifadə etdikləri sərt tənqidi sözlərin gələcəkdə səsləndirə bilməyəcəkləri ilə bağlı narahatlıqlarına əsas yoxdur. Çünki "Media haqqında" qanunda tənqidin, hətta sərt tənqidin qarşısını kəsəcək elə bir vasitə yoxdur. Və bu barədə heç düşünməyiblər. Qısaca onu deyim ki, biz "Media haqqında" qanuna öz şəxsi maraqlarımız çərçivəsindən baxmamalıyıq. Mənim media şirkətimin və burada işləyən jurnalistlərin peşəkarlıq fəaliyyəti qanunda təsbit olunmuş qaydalarla düz gəlmirsə, bu, o demək deyil ki, "Media haqqında" qanun bəzi həmkarlarımın dili ilə səsləndirilən kimi mürtəce qanundur. Qanun media sahəsində nizamın yaradılmasına, xaosun aradan götürülməsinə və ən əsası isə sıravi jurnalistlərin hüquqlarının qorunmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib”.

“Jurnalistlərin güzəştli ipoteka kreditlərinin əldə etməsi kimi dövlətin bir instrumentinə sahib olması bu sahədə çalışanların mənzil problemini həll edəcək. Ələbaxımlılıq kimi vərdişlərdən uzaqlaşdıracaq. Ona görə tənqid edəndə şəxsi maraqlarımız çərçivəsindən yox, ümumilikdə medianın fəailiyyətini nəzərə alaraq münasibət bildirməliyik. Qanun işlək olacaqmı? Qanunda təsbit olunanlar reallığa çevriləcəkmi? Biz bu suallara cavab axtarmalıyıq. Və konkret mexanizmlər təklif etməliyik. Yoxsa qəbul olunan qanun digər qanunlar kimi kağız üzərində qalacaqsa, sağlam media uğrunda mübarizə aparmağın mənası yoxdur”- deyə, baş redaktor əlavə edib.