Madam ki söhbət kinodan düşdü... - yazıçı Qan Turalı
26.05.2020

İki il qabağın fikirlərdir. Hələlik dəyişməyib.

Mənim üçün dünyanın ən böyük rejissoru Fellinidir. Mənə elə gəlir ki, onun düşüncə aləminə girə bilirəm. Misal üçün, “Azərbaycan” jurnalında çap olunmuş "Samir və Samiri” povestim əslində Fellininin “La Dolce vita” (Şirin həyat) filminin müasir bir variantıdır. Bu povestdə mən qədim bir nağılı Fellininin ələyindən də keçirdib ona müasir bir yozum vermişəm. Ya da fahişədən bəhs edən “Film kimi” hekayəm “Kabiriyanın gecələrini” xatırladır. Rastıma çıxmasa da bildiyimə görə Fellininin ssenariləri çox oxunaqlıdır, yəni təkcə kino çəkmək üçün olan sxematik bir yazı deyil, həm də bədii mətndir. Fellini mənə çox təsir edib və mən nəinki bunu danıram, əksinə bununla fəxr edirəm.

Sevdiyim digər rejissor isə Vudi Allendir. Vudi Allen həm də yazıçıdır, bir tərəfdən hekayə yazır, digər tərəfdən isə öz uzun və bərəkətli ömrünün hər ilində bir film çəkir. Yaşı 80-i ötsə də Vudi Allen daim insanı öz novator ruhu, ironiyası və yanaşması ilə təəccübləndirə bilir. Onun artıq klassikaya çevrilmiş “Manhetten”i az qala 50 il bundan əvvəl, elə Fellininin at oynatdığı vaxtlarda çəkilib. Bu möhtəşəm yəhudinin hər şeyə ironiya ilə yanaşması, intellektual, daha çox dialoqlara əsaslanan kino dili və dünyagörüşü mənə çox təsir edib. Diqqətli tamaşaçı “Füzulinin qayıdışı” pyesimdə və digər hekayələrimdə Vudi Allenin izlərini aydın şəkildə sezə bilər. Amansız ironiya, müqəddəs heç nəyin saxlanılmaması və intellektual üslub mənim üçün çoxdan Vudi Allen deməkdir.

Hə, bir də Lars fon Trier… Trierin mənə təsiri Dostoyevskidən az olmayıb. Hərçənd onları ayırmaq da çətindir. İnsanın qaranlıq dünyası, onun içindəki canavarı və şüurun gizli qatlarını xüsusi bir amansızlıqla ifşa etmək… Trierin filmlərinin proza variantını yazmaq mümkün olsaydı bu yazı qətiyyən Dostoyevskidən aşağı yerdə dayanmazdı. Hətta mənə elə gəlir ki, “Dalğaları aşmaq” filmi Dostoyevski prozasından ucada dayanır.

Visiontv.az