Lavrov yalan danışır, Zaxarova yoxsa ...-Elxan Şahinoğlu
24.09.2020

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdən sonra hazırladığım yazıda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın görüşdən sonra təkzib verə biləcəyini istisna etməmişdim. Belə də oldu. Mariya Zaxarovanın təkzib mahiyyətli açıqlamasından belə çıxdı ki, Lavrov Qafarova ilə görüşdə nə 5 rayonun azad olunması gərəkliyindən danışıb, nə də rusiyalı nazir Nikol Paşinyanı tənqid edib. Ancaq qapalı görüşdə Lavrovun hər ikisini dediyinə inanıram, əks halda Azərbaycanın parlament sədrinin Moskvadakı görüşlərini işıqlandıran Milli Məclisin mətbuat xidməti niyə o cür xəbər yaymalı idi?

Sahibə Qafarova daha sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Milli Məclisin mətbuat xidmətinə cavabdeh şəxs və ya şəxslər Volodinlə bağlı da eyni məzmunlu xəbər yayıblar, yəni Dövlət Dumasının sədri deyib ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur  və sülh prossesinə kömək etmir”. Mümkündür ki, Dövlət Dumasının mətbuat xidməti də Mariya Zaxarova kimi təkzib etsin. Ancaq yenə inanıram ki, qapalı görüşdə Volodin də Paşinyandan şikayət edib.

Görünən odur ki, Rusiya rəsmiləri və diplomatları Ermənistanı rahatsız etmək - qapalı görüşlərdə dediklərini açığa çıxartmaq  istəmirlər. Onlar  Milli Məclisin mətbuat xidmətinin Lavrov və Vololdinlə görüşdən yaydıqları xəbərdən rahatsız olublar. Daha bir yanlışı Bakıda etməsinlər, həmin xəbəri yayanı cəzalandırmasınlar, yanlış hərəkət edilməyib. Sahibə Qafarova danışıqlar barədə mətbuat katibini, o da bizi məlumatlandırıb.

Visiontv.az